Azərbaycan, Bakı, 26 sentyabr/ Trend / Azərbaycan prezidenti İlham Əliyev cümə günü Saatlı rayonunda Biyan məhsulları istehsalı zavodunun istifadəyə verilməsi mərasimində iştirak edib.
Rayonun Gomuşçu kəndi ərazisində yerləşən zavodun smeta dəyəri 6,5 milyon manatdır. Bugünədək 5 milyon manat sərmayə yatırılmaqla, 6 sex, dəyirman, istixana mərkəzi, qurutma məntəqələri, anbarlar, ofis binası, mehmanxana və s. tikilib. Zavodun istehsal gücü ildə 200 min ton yaş biyanı emal etməyə imkan verəcək. Burada biyan tableti, biyan duzu və biyan balı (ekstratı) istehsal olunacaq. Hazırda müəssisədə 450 nəfərə yaxın işçi çalışır, tam gücü ilə işləyəndə bu rəqəm 1500 - ə çatacaq. Zavodda Almaniya, İtaliya, İran və Çin istehsalı olan avadanlıq quraşdırılb.
Dövlət başçısı ayrı - ayrı istehsal sahələrini gəzib, biyan turşusu sexində düyməni basaraq onu işə salıb. Prezidentə bildiriblər ki, dünyada Amerika və Çindən sonra belə zavod Azərbaycanda tikilib. Biyan məhsullarına dünya bazarında tələbat böyük olduğundan, zavod gəlirlə işləyəcək.
Digər rayonlarda qəbul məntəqələri yaradılacaq və zavod onlardan biyan qəbul edəcək.
Prezident İlham Əliyev bu cür əhəmiyyətli zavodun fəaliyyətinə uğurlar arzulayıb və bu
məhsulların Azərbaycan markası altında xarici bazara çıxarılmasını yüksək qiymətləndirib.