...

Parisdə Azərbaycanın demokratik inkişaf məsələləri müzakirə olunacaq

Siyasət Materials 27 Sentyabr 2008 13:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 sentyabr/ Trend , müxbir R.Novruzov/ "Prezident seçkiləri ərəfəsində Azərbaycan - geostrateji məkan" mövzusu sentyabrın 30-da Parisdə keçiriləcək müzakirələrin əsas mahiyyətini təşkil edəcək.

Mərkəzdən şənbə günü Trend -a verilən məlumata görə, Strateji və Diplomatik Araşdırmalar Mərkəzi Məzunlarının Assosiasiyası (ACEDS), Avropada Təhlükəsizlik və Gələcək İnstitutu (İPSE), Müdafiə və Təhlükəsizlik naminə Ali Milli Müdafiə Elmləri İnstitutunun Assosiasiyalar Birliyi (UNİON-İHEDN), Ali Təhlükəsizlik Araşdırmaları Milli İnstitutunun dinləyiciləri (ANA-İNHES), Ural Atlantik Kolleci və Üsyanlar üzrə Observatoriya müzakirələrin təşkilatçıları qismində çıxış edir.

Müzakirələrdə Fransanın Bakıdakı ilk səfiri Jan Perren, İNALCO - da professor, sosial elmlər sahəsində Moskvada Fransa-Rusiya axtarış mərkəzinin direktoru Jan Radvani, NATO Parlament Assambleyasında Fransa nümayəndə heyətinin üzvü deputat Loik Buvar, 2005-ci il parlament seçkilərində müşahidəçi Patrik Dombrovski, Total şirkətinin nümayəndəsi Alen Przibiz, İPSE nümayəndəsi Filip Sebiy-Lopez, Azərbaycanda keçirilən seçkilərdə müşahidəçi olmuş Senator Natali Qule, Milli Müdafiə və Təhlükəsizlik İnstitutunun (UNION-IHEDN) nümayəndəsi Oliviye Vedrin, Fransa parlamentinin deputatı Fransua Lonkl və Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Elxan Nuriyev iştirak edəcək.

Dəyirmi masa formatında keçiriləcək çıxış və müzakirələrdə aşağıdakı mövzular olacaq - "Azərbaycan dünən və bu gün", "Azərbaycan geostrateji məkan kimi", "Azərbaycanda demokratik inkişaf", "Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin nöqteyi-nəzəri".

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend

Xəbər lenti

Xəbər lenti