BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniyanın İranın nüvə proqramı mövzusu ilə bağlı növbəti iclası noyabrın 26-da Misirdə keçiriləcək.
"Altılığın İranın nüvə proqramı ilə bağlı iclası noyabrın 26-da Misirin Şarm-əl-Şeyx şəhərində keçiriləcək", - deyə Fransanın xarici işlər naziri Bernar Kuşner bildirib. Bu barədə Səudiyyə Ərəbistanının "Əl-Vatan" qəzetinə istinadən İranın "Fars News" agentliyi xəbər verir.
İclasın daha öncə keçirilməsi planlaşdırılmışdı, lakin Kuşnerin sözlərinə görə, iclas ABŞ-da keçiriləcək prezident seçkisi ilə əlaqədar olaraq təxirə salınıb.
Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, İranın nüvə proqramı dayandırılmalıdır.
Sentyabrın 27-də BMT-nin İran üzrə dördüncü Qətnaməsi qəbul olunub. Sənəd sanksiyaların tətbiqini nəzərdə tutmasa da, əvvəlki üç Qətnaməni təsdiq edib.