...

Azərbaycan mətbuatında etik və hüquqi normaların pozulması halları artıb - ekspert

Siyasət Materials 7 Oktyabr 2008 13:01 (UTC +04:00)

Azərbayan, Bakı, 07 oktyabr/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycan mətbuatında etik və hüquqi normaların pozulması halları artıb.

"Etik normaların pozulması halları isə daha çoxdur", - bu barədə çərşənbə axşamı Trend Xəbərlər Şirkətinin Mətbuat Mərkəzində Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin "Seçki sistemlərində jurnalistlərin sivil davranış qaydaları" mövzusunda keçirdiyi mətbuat konfransında Bakı Dövlət Universitetinin kafedra müdiri Cahangir Məmmədli bildirib.

Onun fikrincə, Azərbaycanda hüquq normaları daha yaxşı dərk olunur: "Çünki hüquqda bütün məsələlər dəqiqliyi ilə göstərilib və bizdə bunu yaxşı başa düşürlər. Lakin Azərbaycanda etik normalar baxımından nəyi edib-nəyi etməmək məsələsinə məsuliyyətsiz yanaşma var".

Məmmədli qeyd edib ki, seçki müddəti mətbuatın, əsasən də televiziyaların sınaq dövrü hesab olunur.

Seçki dövrünün üç əsas mərhələsi olduğunu vurğulayan mütəxəssis bildirib ki, mətbuat bu məsələyə yanaşmada çox diqqətli və məsuliyyətli olmalıdır: "Bura potensial namizədlərin müəyyələşdirilməsi, namizədlərin qeydiyyata alınması, təbliğat-təşviqat mərhələsi və səsvermə günü daxildir. Təbliğat-təşviqat mərhələsi başlamamışdan əvvəl jurnalistlərin namizədlərin platforması ilə bağlı məlumat yayması onların namizədliyinin qeydə alınmamasına səbəb ola bilər. Eyni zamanda, mətbuat etik və hüquqi normalara əməl edərək namizədlərin hər hansı biri ilə bağlı hazırladığı məqalə və süjetdə hər iki tərəfin mövqeyini verməlidir".

Məmmədli prezidentliyə namizədlərin İctimai Televiziyada apardıqları debatlardan da narazı olduğunu qeyd edib.

Azərbaycanda prezident seçkisi oktyabrın15-də keçiriləcək. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırkı dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti