...

Əfqanıstanda azyaşlı uşaqlara qarşı cinsi zorakılıq faktlarının artması və ictimaiyyətdə laqeydlik

Siyasət Materials 9 Oktyabr 2008 16:29

Trend-i buradan izləyin

Əfqanıstan, Kabil, 09 oktyabr / Trend A.Həkimi / Əfqanıstanda azyaşlı uşaqlara qarşı cinsi zorakılığın artması ölkənin ən dəhşətli ictimai problemlərindəndir. Hər gün artmaqda olan bu problem ictimaiyyətdə və uşaqların psixologiyasında mənfi izlər buraxır.

Digər tərəfdən, Əfqanıstan ictimaiyyətində ənənəvi və qəbilə mədəniyyətinin hökm sürməsi nəticəsində cinsi əziyyətlərə məruz qalmış uşaqlar cəmiyyət tərəfindən qurban kimi dəstəklənmək əvəzinə, alçaldılırlar. Nəticədə həmin uşaqlar ictimaiyyətdən kənarda qalır və cinayətkara çevrilirlər.

Burada ən dəhşətli və indiyədək araşdırılmayan məsələ bu təcavüzlərin uşaqlarda yaratdığı psixoloji problemlərdir.

"Silahlı qruplaşmalar, cinayətkarların axtarılıb tapılmaması və cəzalandırılmaması, dövlət orqanlarında rüşvətin artması, evlənmə şərtlərinin və xərclərinin ağır olması, yaşayış səviyyəsinin aşağı olması Əfqanıstanda cinsi zorakılığın artma səbəblərindəndir", - deyə Əfqanıstanın İnsan Haqları Komissiyasının rəhbəri Huma Sultani Kabildə Trend -a bildirib.

Sultaninin fikrincə, az yaşlı uşaqlara qarşı cinsi zorakılığın baş vermə faktlarının ailələri tərəfindən gizlədilməsi də cinsi təcavüzün artma səbəblərindəndir.

Digər tərəfdən, belə problemlər bəzi vaxtlar yerli ruhanilər və tanınmış şəxslər tərəfindən qeyri-qanuni yolla həll edilir ki, bu da sonunda cinayətkarların məhkəmə orqanları tərəfindən sorğu-sual olunmamasına və cəzadan yayınmalarına gətirib çıxarır. Sultaninin fikrincə problemin bu tərzdə həll olunması isə əxlaqsızlığın ictimaiyyətdə tüğyan etməsinə səbəb olur.

Azyaşlı uşaqlara qarşı törədilən cinsi zorakılıq bu uşaqların taleyini büsbütün dəyişir. Belə ki, cinsi zorakılığa məruz qalmış uşaqlar bir daha ictimaiyyətdə normal şəxs kimi həyat tərzi sürə bilmir.

Təəssüf ki, Əfqanıstanda bu cür dəhşətli hadisələrin baş verməsi və nəticələri psixoloqlar tərəfindən ciddi şəkildə araşdırılmır.

Son vaxtlar Əfqanıstanda uşaqlara qarşı cinsi zorakılıq artmaqdadır. Çox vaxt bir uşaq bir neçə nəfər tərəfindən zorakılığa məruz qalır. Ötən həftə ərzində 16 yaşlı qız uşağının 12 nəfər tərəfindən zorakılığa məruz qalma faktı sübut olunub. Əfqanıstanın təhlükəsizlik rəsmiləri bu faktla bağlı müqəssirlərdən 7 nəfərin həbs olunduğunu və 5 nəfərin isə qaçdığını bildirib.

Bir neçə gün öncə isə Əfqanıstanın Zabil vilayətində 4 yaşlı uşağın 4 nəfər tərəfindən zorlandığı və sonra başının kəsilməsi faktı baş verib.

Zorlanma faktlarının təkrarlanması artıq ölkədə narahatlıq doğurub. Belə ki, Əfqanıstan prezidenti Hamid Kərzai bu faktlarla bağlı ciddi tədbirlər görülməsi barədə sərəncam imzalayıb. Bundan sonra ölkənin müxtəlif regionlarında zorlama cinayətlərində şübhəli bilinən bir neçə nəfər salanılıb, müqəssirlər edama məhkum olunub. Bundan başqa, Əfqanıstanın şimalında 4 polis rəisi zorlama faktları ilə bağlı istintaq işlərinə etinasız yanaşdıqları üçün tutduğu vəzifədən kənarlaşdırılıb.

Əfqanıstanın İnsan Haqları Komissiyasının verdiyi statistik məlumata əsasən, ötən 6 ay ərzində azyaşlı uşaqlara qarşı 40 zorakılıq faktı qeydə alınıb. Ümumiyyətlə, cari ildə azyaşlı uşaqlara qarşı zorakılıq faktları daha çox olub.

"İslam və əxlaq dəyərlərinə əməl olunmaması, mədəniyyətlərin kortəbii inteqrasiyası Əfqanıstanda cinsi zorakılığın artma səbəblərindəndir", - deyə Əfqanıstan parlamentinin nümayəndəsi Məhəmməd Asim cümə axşamı Kabildə Trend - a bildirib.

Asim bu problemin qarşısının alınmasında ailələrin böyük rola malik olduğunu vurğulayıb: "Ailələr dini və islami dəyərlərə əsaslanaraq öz uşaqlarına nəzarət etməlidir".

O əlavə edib ki, Əfqanıstanda davam edən qarşıdurma və müharibələr də əxlaqsızlığın, cinsi zorakılığın əsas səbəblərindəndir.

Əfqanıstanın İnsan Haqları Komissiyasının məlumatına əsasən, ölkədə zorakılığa məruz qalmış uşaqlar artıq məktəbə getmirlər. Bundan başqa, həmin uşaqların bacı-qardaşları da məktəbə getməkdən çəkinirlər. Bəzi ailələr isə zorakılığa məruz qalmış övladlarını özlərinə ar bildikləri üçün öldürür.

Kabil şəhər Polis İdarəsinin rəisi Əyyub Saləngi Trend -a bildirib ki, bu cür cinayətlərin qarşısını almaq məqsədilə zorlma faktı ilə məhkum edilmişlərin həbsxanalarda maarifləndirilməsi işləri aparılır.

Saləngi əlavə edib ki, onlar din xadimləri, alim və müəllimlərin köməyi ilə əxlaqsızlığın və bu cür cinayətlərin qarşısının alınması istiqamətində çalışırlar. O həmçinin qeyd edib ki, son vaxtlar polis əməkdaşları və əhali arasında bu faktların qarşısının alınması istiqamətində birgə əməkdaşlıq artıb və müsbət nəticələr əldə olunub.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti