...

Azərbaycanın Mərkəzi Seçki Komissiyası prezident seçkisini izləyəcək müşahidəçilərin yekun sayını elan edib

Siyasət Materials 13 Oktyabr 2008 16:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 oktyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkisini izləyəcək yerli və beynəlxalq müşahidəçilərin yekun sayını elan edib.

"Bu günədək 2672 yerli müşahidəçi qeydiyyatdan keçib. Seçki dairələrindən 43 min 100 nəfər qeydiyyata alınıb. Bunlardan 21520- si siyasi partiyalar, 15772- si QHT nümayəndələri, 5802-si müstəqil müşahidəçilərdir", - deyə MSK - nın bazar ertəsi keçirilən iclasında MSK sədri Məzahir Pənahov bildirib.

Trend - un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın15-də keçiriləcək. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək.

MSK sədrinin bildirdiyinə görə, prezident seçkisini 60 - a yaxın ölkədən 1233 nəfər beynəlxalq müşahidəçi izləyəcək. "Seçki prosesini ümumilikdə 48 minə yaxın müşahidəçi izləyəcək. Müşahidəçilər üçün hər cür şərait yaradılıb. Seçkinin işıqlandırılması üçün 28 xarici KİV- dən 84 nümayəndə qeydə alınıb", - deyə o əlavə edib.

Onun sözlərinə görə, seçki məntəqələri səsverməyə tam hazırdırlar. "Cəzaçəkmə müəssisələrində, hərbi hissələrdə, səhiyyə ocaqlarında, gəmilərdə səsvermə məntəqələri yaradılıb. 500 seçki məntəqəsində veb - kameraların quraşdırılması prosesi sabah yekunlaşacaq", - deyə Pənahov qeyd edib.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti