...

Azərbaycanın müxalifyönlü prezidentliyə namizədinin müşahidəçiləri səsvermə prosesində bəzi qanunsuzluqlar aşkarlayıblar

Siyasət Materials 15 Oktyabr 2008 18:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 oktyabr/ Trend , müxbir A.Hüseynbala / Azərbaycanda prezidentliyə öz təşəbbüsü ilə namizədliyini irəli sürən, yeni yaranacaq Aydınlar Partiyası Təşəbbüs Qrupunun üzvü Qulamhüseyn Əlibəylinin müşahidəçiləri bəzi məntəqələrdə qanun pozuntuları aşkar ediblər. Namizədin seçki qərargahından Trend -a verilən məlumata görə, bəzi məntəqələrdə seçicilərə seçki bülleteni verilərkən seçici vəsiqəsi tələb olunmur. Bu tip faktlar 70 saylı Masallı Seçki Dairəsinin 3 və 4 saylı, 77 saylı Astara Seçki Dairəsinin 20 və 22, 98 saylı, Şəmkir Seçki Dairəsinin 14 və 17, 52 saylı Quba Seçki Dairəsinin 28, 30 və 33, 51 saylı Qusar Seçki Dairəsinin 22 və 25, 90 saylı Agdaş Seçki Dairəsinin 7 və 9 saylı məntəqələrində qeydə alınıb.

Trend -un arayışı: Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edir.

Məlumatda qeyd edilir ki, 9 saylı Binəqədi Seçki Dairəsinin 4 və 5 saylı məntəqələrində polis müşahidəçilərin məntəqə ərazisinə daxil olmasına imkan verməyib, yalnız məntəqə sədrlərinin müdaxiləsindən sonra müşahidəçilər səsvermənin gedişini izləyə biliblər.

Digər bir məlumatda qeyd edilir ki, 83 saylı Ağcabədi-Agdam Secki Dairəsinin 15, 17 və 18 saylı məntəqələrində polis seçkini müşahidə edən QHT nümayəndələrini məntəqə ərazisindən çıxarıb.

111 saylı Balakən-Zaqatala Seçki Dairəsinin 20 və 21 saylı məntəqələrində müşahidəçilərin sənədlərinin qaydasında olmadığı bəhanə gətirilib və onlara səsvermənin gedişini izləməyə imkan yaradılmayıb.

Əzizbəyov rayonunun bəzi məntəqələrində isə ailə başçıları ailə üzvlərinin əvəzinə səs verməyə cəhd ediblər.

35 saylı Xətai Seçki Dairəsinin 5 saylı məntəqəsində Əlibəylinin vəkili Əfqan Əsədova təzyiq edilərək məntəqə ərazisindən uzaqlaşdırıldığı bildirilir. 120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsinin 35 saylı məntəqəsində seçicilər xüsusi avtobuslarla məntəqəyə gətirilib.

Məlumatda 121 saylı Laçın Seçki Dairəsində daşınan seçki qutuları aparılarkan namizədlərin hamısının nümayəndəsinin iştirakının təmin edilmədiyi də bildirilir.

Xəbər lenti

Xəbər lenti