...

Azərbaycan prezidentliyinə müxalifətçi namizədin seçki qərargahı 27 qanun pozuntusunun qeydə alındığını açıqlayıb

Siyasət Materials 15 Oktyabr 2008 18:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 oktyabr/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycan müxalifətini təmsil edən Ümid Partiyasının sədri, prezidentliyə namizəd İqbal Ağazadənin seçki qərargahı günün birinci yarısında səsvermə prosesində 27 qanun pozuntusunun qeydə alındığını açıqlayıb.

Məlumatda qeyd olunub ki, 35 saylı Xətai və 63 saylı Sabirabad seçki dairələrinin bir sıra məntəqələrində hakimiyyətin namizədini təbliğ edən təşviqat materiallarına rast gəlinib.

Seçki qərargahı iddia edir ki, 43 saylı Sumqayıt 3 - cü seçki dairəsinin 9 saylı məntəqəsində tibb işçiləri hakimiyyətin xeyrinə təbliğat aparıblar. Bu hal yalnız Ümid Partiyasının həmin məntəqədə olan nümayəndələrinin müdaxiləsindən sonra aradan qalxıb.

67 saylı Cəlilabad şəhər seçki dairəsinin 14 saylı məntəqəsində prezidentliyə namizədlərin vəkillərinin müşahidəsinə məntəqə sədri tərəfindən maneçilik törədilib. Həmin dairə ərazisində ənənəvi "karusel" əməliyyatından geniş şəkildə istifadə edilib. Yəni qabaqcadan təlimatlandırılmış eyni seçicilər qrupu bir neçə məntəqədə təkrar səs verib.

40 saylı Kəpəz 2 - ci (Gəncə) 2 və 4 saylı məntəqələrdə evlərinə bildiriş getməyən seçicilərdən səs verə bilmələri üçün iş yerlərindən arayış tələb olunub. Və bu hal da kütləvi xarakter daşıyıb.

27 saylı Nəsimi seçki dairəsinin 22 saylı məntəqəsində (Slavyan Universitetində yerləşir) kobud qanun pozuntuları müşahidə olunub. Seçicilərin, demək olar, böyük əksəriyyəti Slavyan Universitetinin tələbələrindən ibarətdir və onların vasitəsilə total saxtakarlıqlar həyata keçirilib. Eyni tələbə bir neçə dəfə səs verir, şəxsiyyət vəsiqəsi və ümumiyyətlə, kimliyini təsdliq edən sənəd olmadan belə, seçicilərə bülletenlər verilir.

"33 saylı Xətai 1 - ci seçki dairəsinin 16 saylı məntəqəsində namizədlərin tanıtım vərəqələri olan siyahı olmayıb", -deyə məlumatda qeyd olunub.

Partiya iddia edir ki, 63 saylı Sabirabad seçki dairəsinin 10 saylı məntəqəsində Müsavat Partiyasının müşahidə missiyasına maneçilik törədilib. Həmin dairənin 22 saylı məntəqəsində rayon maliyyə şöbəsinin müdiri Gülüşov Hüseynağa Həbiş oğlu öz xidməti maşını ilə adamları məntəqələrə daşıyıb.

63 saylı Sabirabad seçki dairəsinin Əlicanlı kəndində yerləşən 24 saylı məntəqəsində saat 10. 00 - a olan rəsmi nəticələrdə 98 nəfərin səs verdiyi haqda məlumat olsa da, seçki qutularında cəmi 2 bülleten müşahidə olunub və bu fakt sənədləşdirilib.

Məlumatda bildirilib ki, 35 saylı Xətai 3-cü seçki dairəsinin 20 saylı məntəqəsində Gürcüstan vətəndaşı səs verib və həmin məntəqədə barmaqların mürəkkəblə boyalı olub - olmaması yoxlanılmır.

Prezidentliyə namizəd İqbal Ağazadə saat 22.00 - da seçkinin yekunları ilə bağlı mətbuat konfransı keçirəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti