Azərbaycan, Bakı, 16 oktyabr/ Trend , müxbir C.Babayeva/ Azərbaycan QHT-lərinin müşahidə qrupu Azərbaycanda prezident seçkisinin yüksək səviyyədə təşkil olunduğunu qeyd edir.
"Namizədlərin seçkiqabağı təşviqat kampaniyası üçün hər bir şərait yaradılmışdı. Seçki prosesi təşkilati səviyyədə keçib", - deyə 11 yerli QHT-dən ibarət müşahidə qrupunun qərarında bildirilir.
Sənəddə qeyd olunur ki, prezident seçkisində seçicilərin fəallığı Azərbaycanda keçirilən əvvəlki prezident seçkiləri ilə müqayisədə çox yüksək olub.
Müşahidəçilər tərəfindən bir neçə qanun pozuntusu qeydə alınıb. "Seçkinin nəticələrinə təsir göstərməyən bir neçə cüzi pozuntular aşkar olunub. Bunlar texniki mahiyyətli problemlərdir. Bəzi seçki məntəqələrində prezidentliyə namizədlərin təşviqat materialları aşkar olunub", - deyə sənəddə bildirilir.
Yerli QHT-lərin müşahidə missiyası 40 seçki məntəqəsində səsvermə prosesini izləyib.
Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov çərşənbə günü keçirilən mətbuat konfransında bildirib ki, ilkin nəticələrə görə, İlham Əliyev bütün səslərin 89,04 faizini toplayıb.
Oktyabrın 15-də Azərbaycanda prezident seçkisi keçirilib. Dövlət başçısı postuna yeddi namizəd irəli sürülüb - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırkı dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli.
MSK tərəfindən təqdim olunan ilkin məlumatlara görə, İqbal Ağazadə 2,78 faiz, Fazil Qəzənfəroğlu 2,40 %, Qüdrət Həsənquliyev 2,22 faiz, Qulamhüseyn Əlibəyli 2,18 faiz, Fuad Əliyev 0,75 faiz, Hafiz Hacıyev 0,62 faiz səs toplayıb.
Azərbaycan MSK-sı tərəfindən 4 milyon 866 min 582 seçici qeydə alınıb. Prezident seçkisi ilə əlaqədar 5359 seçki məntəqəsi yaradılıb. Onların 5148-i daimi, 33-ü Azərbaycanın xaricdəki səfirlik, konsulluq və daimi nümayəndəliklərindədir.
Azərbaycanda keçirilən prezident seçkisini təqribən 60 ölkədən 1233 beynəlxalq müşahidəçi izləyib. Ən böyük missiyalar Avropa Şurası, ATƏT və MDB-yə məxsus olub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: trend