...

Azərbaycanın cənub bölgəsində külli miqdarda zərərli dini ədəbiyyat aşkarlanıb

Siyasət Materials 31 Oktyabr 2008 12:18 (UTC +04:00)

Azərbaycan, Lənkəran, 31 oktyabr / Trend , müxbir P.Əliyeva/ Azərbaycanın cənub bölgəsində bu il 15 adda 1200-ə yaxın zərərli dini ədəbiyyat aşkarlanaraq, bir qismi məhkəmənin qərarı ilə yerindəcə zərərsizləşdirilib.

Bu barədə cümə günü Trend -a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) cənub bölgəsi üzrə şöbə müdiri Miryəhya Bədirov məlumat verib.

DQİDK-da qadağan olunmuş dini ədəbiyyatların siyahısı var. İnsanlar arasında irqi, dini ayrıseçkilik salan, dini ədavət yaradan kitabların nəşri, satışı qanunla qadağan olunur.

Bədirov bildirib ki, müsadirə edilmiş qanunsuz dini ədəbiyyatlar bölgəni əhatə edən 13 rayonda fəaliyyət göstərən (Hacıqabul, Şirvan, Sabirabad, Saatlı, Salyan, Neftçala, Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Astara, Yardımlı, Lerik) 18 dini mağaza, kitabxana və şəxsi evlərdən, habelə Biləsuvar və Astara Gömrük keçid məntəqələrində aparılmış reydlər nəticəsində aşkarlanıb.

Aşkarlanmış dini ədəbiyyatların bir qismi isə araşdırılması üçün DQİDK-nin dini ekspertiza şöbəsinə göndərilib.

Şöbə müdirinin sözlərinə görə, cənub bölgəsində bu il 47 dini icma rəsmi dövlət qeydiyyatından keçib. İlin sonunadək daha 20 icmanın qeydiyyatdan keçməsi üçün sənədlər hazırlanır.

Ümumilikdə isə bu bölgədə 127 dini icma dövlət qeydiyyatından keçib.

Son 5 ildə cənub regionunda 60 icma fəaliyyət göstərib.

Bədirov deyib ki, mühacirlərin bölgəyə gəlişinin artması narahatlıq doğurur. Buna baxmayaraq, o, bu istiqamətdə nəzarət tədbirlərinin görüldüyünü də vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti