...

Azərbaycan müxalifəti İran səfirliyi qarşısında piket keçirəcək

Siyasət Materials 3 Dekabr 2008 13:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 dekabr/ Trend , müxbir A.Hüseynbala/ Azərbaycanın müxalif partiyalarının təmsil olunduğu Demokratiya Uğrunda İttifaq (DUİ) İranın Azərbaycandakı səfirliyi qarşısında piket keçirmək haqda qərar qəbul edib.

"Güney Azərbaycanda yaşayan soydaşlarımıza qarşı davam edən repressiyaların qarşısının alınması üçün nəzərdə tutulan aksiya dekabrın 18-də saat 12:00-da keçiriləcək", - çərşənbə günü Trend -a DUİ-nin üzvü olan Azadlıq Partiyasının sədri Əhməd Oruc bildirib.

Trend -ın arayışı: Qeyri-rəsmi məlumata görə, Güney Azərbaycanda 35 milyona yaxın soydaşımız yaşayır. Son zamanlar İran hakimiyyət orqanlarının soydaşlarımıza qarşı apardığı repressiyalar, müxtəlif müddətlərə həbsxanalara salınanların işgəncələrə məruz qalması faktları çoxalıb.

Azərbaycanın müxalif partiyalarının birləşdiyi Demokratiya Uğrunda İttifaq (DUİ) noyabrın əvvəllərində İranın Azərbaycandakı səfirliyinə repressiyarla bağlı açıqlama verilməsi üçün müraciət edib. Müraciətə cavab verilməsə, DUİ İranın Azərbaycandakı səfirliyi qarşısında piket keçirmək niyyətini də bildirib.

Onun sözlərinə görə, dəfələrlə İranın Azərbaycandakı səfirliyinə DUİ-də təmsil olunan partiyaların nümayəndələri ilə görüşmək üçün müraciət ediblər.

"Bizimlə görüşəcəklərini bildirsələr də, üç həftədir ki, vədlərinə əməl etmirlər. Ona görə səfirlik binası qaşısında etiraz aksiyası keçirmək üçün vaxt müəyyənləşdirdik", - Oruc vurğulayıb.

Oruc deyib ki, bu həftə ərzində piketlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət göndəriləcək.

Demokratiya Uğrunda İttifaqı 2005-ci il parlament seçkisindən sonra müxalifətçi Klassik Xalq Cəbhəsi, Azadlıq və Milli Demokratiya partiyaları tərəfindən yaradılıb. Sentyabrın əvvəllərində Böyük Azərbaycan, noyabr ayında isə Xalq Partiyası DUİ-yə üzv qəbul olunub. İttifaq bu partiyaların məşvərət və əməkdaşlıq qurumdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti