...

Azərbaycanın fövqəladə hallar naziri yeni binaların bəzilərinin layihələrində nöqsanların olduğunu deyib

Siyasət Materials 13 Dekabr 2008 14:17 (UTC +04:00)

Azərbaycan, Lənkəran, 13 dekabr / Trend , müxbir P.Əliyeva/ Azərbaycanın fövqəladə hallar naziri paytaxtda inşa olunan yeni yaşayış binalarının bəzilərinə dövlət aktlarının verilməməsi səbəbini layihələrdə nöqsanların olması ilə izah edib.

"Bu binaların əksəriyyəti qaz, elektrik enerjisi ilə təmin olunmayıb. Bir çox binaların isə layihələrində nöqsanlar aşkarlandığından dövlət tərəfindən qəbul olunmayıb", - şənbə günü jurnalistlərə fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib.

Trend -un arayışı: FHN tikinti-layihə sənədlərinin dövlət ekspertizasının həyata keçirilməsi, obyektlərin istismara qəbul edilməsi və tikinti işlərinin dayandırılması ilə bağlı müvafiq qaydaları hazırlayıb və Nazirlər Kabinetinə təqdim edib. Bakı şəhərində inşa olunan 200-ə yaxın çoxmərtəbəli binada Agentlik tərəfindən texniki müayinə tədbirləri həyata keçirilib, 14 binada ciddi pozuntular aşkar olunub, layihə sənədlərində ekspertiza rəyi olmayan 82 obyektdə tikinti işləri nöqsanlar aradan qaldırılana kimi dayandırılıb.

Onun sözlərinə görə, amma bu o demək deyil ki, həmin binalar qəbul olunmayacaq.

"Bütün nöqsanlar aradan qaldırılandan sonra binalar sakinlərin ixtiyarına veriləcək", - Heydərov əlavə edib.

Qanunsuz tikililərə gəldikdə, nazir deyib ki, Fövqəladə Hallar Nazirliyi prezidentin fərmanına uyğun olaraq, 2001-ci ildən sonra inşa edilən bütün tikililərdə təhlillər aparıb.

"Nəticədə hansı binanın dayanıqlı-dayanıqsız olması ilə bağlı yekun rəylər hazırlanıb. Binaların konstruksiyalarında problemlər aşkarlanıbsa, bərkitmə işləri aparılması tövsiyə olunur. Ciddi problemləri olan binalarla bağlı qərar isə fərqli olacaq", - Heydərov vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti