...

Rusiya və Ukrayna yaxın vaxtlarda qaz münaqişəsini həll etməlidirlər – ATƏT-in sədri

Siyasət Materials 7 Yanvar 2009 11:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 yanvar/ Trend , müxbir Y.Ostapenko/ Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Rusiya qazının Ukraynadan Avropa ölkələrinə tədarükünün dayandırılması ilə bağlı yaranan gərginliyi zəiflətməyə kömək edə biləcək əlavə yollar axtarır. Bu barədə təşkilatın press-relizində bildirilir.

"Dialoq üçün bütün imkanlardan istifadə olunmalıdır ki, mümkün qədər tez bir vaxtda hər iki tərəf üçün məqbul ola biləcək uzunmüddətli nizamlanma əldə olunsun", - deyə Yunanıstanın xarici işlər naziri, ATƏT-in sədri Dora Bakoyannis bildirib.

Bakoyannis Avropaya qaz tədarükünün kəsilməsindən daha çox, bütün qitədə temperaturun kəskin şəkildə aşağı düşməsindən narahatdır. Son günlər bəzi Avropa ölkələrində mənfi 25-30 dərəcəyə çatan qeyri-adi aşağı temperatur müşahidə olunur. Proqnozlara görə, yaxın həftələrdə Avropada bu cür şaxtalı temperatur davam edəcək.

Bakoyannis Ukrayna və Rusiyanı öz enerji münaqişələrini mümkün qədər tez nizamlamağa çağırıb.

"Rusiya tədarükçü, Ukrayna isə tranzit ölkə kimi Avropanın enerji ilə təminatında həlledici rol oynayır. Onlar hər ikisi bəziləri bu münaqişədən bilavəsitə zərər çəkən 54 ölkə ilə yanaşı ATƏT-in iştirakçılarıdır", - deyə Bakoyannis bildirib.

2009-cu ildə müqavilənin bağlanmaması səbəbindən "Qazprom" yanvarın 1-dən Ukraynaya qaz tədarükünü dayandırıb. Bundan sonra, "Qazprom" nümayəndələri bəyan ediblər ki, Ukrayna üçüncü ölkəyə ixrac üçün nəzərdə tutulan qazın bir qismini qanunsuz mənimsəməyə başlayıb. Bunun nəticəsində avropalı istehlakçılar ötən sutkalarda 60 mln. kubmetr həcmində qazı ala bilməyiblər.

Rusiya qazının Bolqarıstan, Bosniya, Xorvatiya, Makedoniya, Serbiya, Macarıstan, Türkiyə və Yunanıstana Ukrayna vasitəsilə tədarükü dayandırılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti