...

Azərbaycanın hakim partiyası müxalifətin referendum əleyhinə koalisiyasını effektli saymır – hakim partiyanın funksioneri

Siyasət Materials 10 Yanvar 2009 13:27 (UTC +04:00)
Azərbaycanın hakim partiyası müxalifətin referendum əleyhinə koalisiyasını effektli saymır – hakim partiyanın funksioneri

Azərbaycan, Bakı, 10 yanvar / Trend , müxbir A.Hüseynbala/ Azərbaycanın hakim partiyası hesab edir ki, müxalifətin referendum əleyhinə yaradacağı koalisiyanın heç bir effekti olmayacaq.

"Referendumu təşkil edən partiya və onunla həmfikir olan ictimai təşkilatlar cəmiyyətin böyük əksəriyyətinin fikrini ifadə edir", - şənbə günü Trend -a hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəıkili Mübariz Qurbanlı bildirib.

Trend -un arayışı: Yanvarın 9-da Azərbaycanın bir neçə müxalif partiyası, qeyri-hökumət və ictimai təşkilatlar referendum əleyhinə təşviqat aparmaq məqsədilə Respublika və Qarabağ Uğrunda Vətəndaş Hərəkatı yaradıb.

Azərbaycan parlamenti ötən ayın sonunda keçirilən iclasında Konstitusiyaya əlavələr və dəyişikliklər edilməsi ilə bağlı referendumun martın 18-də keçirilməsi barədə qərar qəbul edib.

Konstitusiyanın 29 maddəsinə dəyişiklik edilməsinə dair referendumun keçirilməsi barədə qərar verilib.

Azərbaycan Respublikası Konstitusiyasının mətninə dəyişikliklər yalnız referendum vasitəsilə daxil edilə bilər (maddə 152). AR Konstitusiyasının mətninə dəyişikliklər Milli Məclis və ya prezident tərəfindən təklif edilirsə, o zaman təklif edilən dəyişikliklər üzrə əvvəlcədən AR Konstitusiya Məhkəməsinin qərarı alınmalıdır (maddə 153).

Azərbaycan Konstitusiyası 1995 - ci ildə referendum yolu ilə qəbul olunub, 2002 - ci ildə Əsas Qanuna əlavə və dəyişikliklər edilib.

Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası "Yeni Azərbaycan", müxalif Müsavat Partiyası "Respublikaçılar" təşəbbüs qrupu yaradıblar.

Onun sözlərinə görə, təşviqat kampaniyası zamanı əhali Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərə dəstək verəcək. "Bizim faktlarımız, söyləyəcəyimiz fikirlər cəmiyyət tərəfindən daha yaxşı qəbul olunacaq və təkliflərimizə səs verəcəklər", - Qurbanlı əlavə edib.

Hakim partiya funksioneri deyib ki, Azərbaycan demokratik ölkə olduğundan referendumla bağlı vətəndaşların birləşdiyi hər bir təşkilat təşəbbüs qrupu yaradıb, Mərkəzi Seçki Komissiyasına müraciət edə bilər.

"Amma müxalifətin sosial dayağının zəif olması səbəbindən bu prosesdə hansısa uğur qazanacağı gözlənilmir", - Qurbanlı vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]



Xəbər lenti

Xəbər lenti