Azərbaycan, Bakı, 29 yanvar / Trend , müxbir A.Hüseynbala/ Azərbaycanın hakim partiyası İdarə Heyətinin cümə axşamı keçirilən iclasında partiyanın 2008-ci ildəki fəaliyyəti ilə bağlı hesabatı açıqlanıb, bu barədə Trend -a Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat xidmətindən məlumat verilib.
İclasda qeyd olunub ki, YAP ölkənin ictimai-siyasi həyatında, o cümlədən Azərbaycan prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi islahatlar və quruculuq proseslərində yaxından iştirak edib, ötən ilin ən mühüm siyasi hadisəsi olan prezident seçkilərinin yüksək fəallıq şəraitində təşkil olunan təşviqat kampaniyasını uğurla başa çatdırıb.
"Statistik məlumata görə, 2008-ci ildə partiyaya 35 min 752 yeni üzv qəbul olunub və YAP üzvlərinin ümumi sayı 470 min 605 nəfərə çatıb. Partiya sıralarında gənclərin xüsusi çəkisi getdikcə daha da artıb və əvvəlki illərə nisbətən ötən il YAP-a üzv qəbul olunanların 52,2 faizini gənc nəslin nümayəndələri təşkil edib. Bütövlükdə, partiya üzvlərinin 39,4 faizini, yəni 185 min 710 nəfərini gənclər, 43,6 faizini, yəni 205 min 114 nəfərini isə qadınlar təşkil edir" - hesabatda vurğulanır.
Maliyyə hesabatında qeyd olunub ki, YAP-ın 2008-ci ildə
mədaxili yığılan üzvlük haqları
hesabına 2 milyon 346 min manat təşkil edib.
"Bu vəsaitin 954 min manatı İcra Katibliyində və rayon (şəhər) təşkilatlarının aparatlarında çalışan əməkdaşların əmək haqlarının ödənilməsinə sərf olunub, 485 min manatı partiyanın IV qurultayının, ümummilli lider Heydər Əliyevin 85 illiyi münasibətilə 2008-ci ilin may ayında keçirilən "Demokratiya və sabitlik naminə: əməkdaşlığın yeni imkanları" beynəlxalq konfransın və digər partiya tədbirlərinin təşkilinə, 63 min manatı çap işlərinə, 202 min manatı təsərrüfat xərclərinə, 65 min manatı icarə haqqına, 116 min manatı bank xidməti, kommunal və rabitə xərclərinə, yerdə qalan vəsait cari təmir işlərinə və digər məqsədlərə sərf olunub", - sənəddə qeyd edilib.
Hesabata görə, YAP-ın il ərzində ödədiyi
gəlir vergisi və Dövlət Sosial Müdafiə Fondunun
hesabına köçürülən vəsait 260 min manat
təşkil edib: "İclasda həmçinin İdarə
Heyətinin 2009-cu il üçün iş planı,
Konstitusiyaya əlavə və dəyişikliklərlə
bağlı keçiriləcək referenduma və 2009-cu ilin
bələdiyyə seçkilərinə hazırlıqla
əlaqədar tədbirlər planı təsdiq edilib", -
məlumatda bildirilir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]