Azərbaycan, Bakı, 16 fevral / Trend , müxbir Y.Ostapenko/ Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) qış sessiyasının əsas mövzularından biri Rusiya və Fransa prezidentləri Dmitri Medvedyev və Nikolya Sarkozinin yeni Avropa təhlükəsizliyi barədə təşəbbüsü olacaq. Bu barədə ATƏT-in press-relizində bildirilir.
270-dən çox parlamentarinin iştirak etməyi planlaşdırdığı ATƏT PA-nın səkkizinci qış sessiyası fevralın 19-20-də Vyanada keçiriləcək. Sessiyanı cümə axşamı səhər ATƏT-in fəaliyyətdə olan sədri, Yunanıstanın xarici işlər naziri Dora Bakoyannis açıq elan edəcək.
Qış görüşünün gündəliyinə Qazaxıstanın 2010-cu ildə ATƏT-ə sədrliyə hazırlığı üzrə qazax nümayəndə heyətinin xüsusi təqdimatı da daxildir. Nümayəndə heyətinə ATƏT PA-nın vitse-prezidenti Kasım-Jomart Tokayev başçılıq edir.
Sessiyanın yekun iclasında nümayəndə heyətləri "Piratçılıq təhlükəsizlik üçün yeni təhlükədir" mövzusunda çıxışı dinləyəcəklər.
Sessiyada Avstriya Milli Şurasının sədri Barbara Pramer, NATO Parlament Assambleyasının prezidenti, amerikalı konqressmen Con Tenner və ATƏT PA-nın sədri Joao Soareş də çıxış edəcəklər.
Qış sessiyası ATƏT PA-nın təqvimində ikinci iri tədbirdir. İyunun 29-u və iyulun 3-ü aralığında Litvada keçiriləcək illik sessiya yalnız mühümlüyünə görə onu üstələyir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]