Belçika, Brüssel, 23 fevral / Trend müxbir A.İsmayılova/ Avropa Birliyi siyasi və iqtisadi sabitlikdə maraqlıdır, ona görə də "Şərqi tərəfdaşlıq" proqramı çərçivəsində böyük yardım təklif etməyə hazırdır. Bunu bazar ertəsi günü AB-nin xarici əlaqələr şurasının görüşlərinin yekunlarına əsasən AB-nin xarici əlaqələr üzrə komissarı Benita Ferrero Valdner deyib.
"Gürcüstandakı müharibədən və Ukrayna ilə Rusiyada arasındakı böhrandan sonra biz "Şərqi qonşuluq"da "oyunumuzun" genişləndirilməsinin zərurətini görürük", - deyə Valdner bildirib.
"Şərqi tərəfdaşlıq" proqramına mayın 7-də Praqada Avropa Birliyinin sammitində start veriləcək.
Valdner həmçinin ümidvar olduğunu bildirib ki, "Şərqi tərəfdaşlıq" proqramı üçün əlavə vəsaitlərin ayrılmasına dair sorğu təsdiq ediləcək. Onun sözlərinə görə, artıq istifadə olunan 250 milyon avroya, daha 350 milyon istənilib.
Avropa komissiyası dekabrın 4-də Polşa və İsveçin AB-nin yeni siyasəti olan "Şərqi tərəfdaşlıq"la bağlı təşəbbüsünün dəstəklənməsinə dair qərar qəbul edib. "Şərqi tərəfdaşlıq" proqramı Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova və Ukrayna ilə daha sıx əməkdaşlığı nəzərdə tutur.