...

Prezident İlham Əliyev Bərdədə müalicə-diaqnostika mərkəzinin açılış mərasimində iştirak edib

Siyasət Materials 2 Mart 2009 18:55 (UTC +04:00)

Prezident İlham Əliyev Bərdədə müalicə-diaqnostika mərkəzinin açılış mərasimində iştirak edib. Məlumatı AzərTAc dövlət informasiya agentliyi yayıb.   

Prezident İlham Əliyevi və xanımını mərkəzin kollektivi, səhiyyə işçiləri böyük hörmətlə qarşılayıblar.
Dövlətimizin başçısı rəmzi açılışı bildirən lenti kəsib.

2006-cı ilin martında Prezident İlham Əliyevin iştirakı ilə təməli qoyulmuş, müasir memarlıq görkəmi ilə diqqəti cəlb edən bu səhiyyə ocağı Dövlət Neft Şirkətinin vəsaiti hesabına tikilib. Foyedə ulu öndər Heydər Əliyevin Azərbaycanda səhiyyənin inkişafı sahəsində gördüyü işləri əks etdirən fotoguşə yaradılıb. 260 nəfərin çalışdığı bu tibb ocağında qəbul, şüa-diaqnostika, hemodializ, cərrahi-stasionar, anesteziologiya, reanimasiya şöbələri, əməliyyat bloku, konsultativ-diaqnostik poliklinika var. Bundan əlavə, mərkəzdə 150 yerlik konfrans salonu, əczaxana fəaliyyət göstərir. Konfrans salonunda quraşdırılmış monitorun köməyi ilə cərrahiyyə əməliyyatlarını birbaşa izləmək mümkün olacaqdır. Buradakı avadanlıq Almaniya, İtaliya və digər inkişaf etmiş ölkələrdən gətirilib.

Mərkəzin ayrıca yardımçı stansiyası, qazanxanası, 500 ton tutumu olan su anbarı da var. Binada müasir standartlara cavab verən mərkəzləşdirilmiş istilik və havalandırma sistemləri, habelə ABŞ-ın "OTİS" firmasının istehsalı olan 3 ədəd sürətli lift quraşdırılıb.
6000 kvadratmetr sahədə yaşıllaşdırma işləri aparılmış, müxtəlif ağac və gül kolları əkilmişdir.

Mərkəz Bərdə ilə yanaşı, Ağcabədi, Tərtər, Yevlax, Goranboy, Beyləqan, Ağdam və digər rayonların əhalisinə də xidmət göstərir.
Prezident İlham Əliyev ayrı-ayrı mərtəbələrdə yerləşən şöbələri, palataları gəzib, quraşdırılan avadanlığa baxıb, yaradılan şəraiti yüksək qiymətləndirib.
Dövlətimizin başçısı mərkəzin kollektivini təbrik edib, burada müalicə və müayinə üçün ən yüksək standartlara cavab verən hər bir şəraitin yaradıldığını bildirib. Eyni zamanda, binanın xarici görünüşünün də müasir olduğunu və şəhərə yaraşıq verdiyini vurğulayıb.

Əməkdar həkim Zeynəb Əliyeva göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq edib. O, ümummilli lider Heydər Əliyevin ölkəmizdə səhiyyə sahəsinə daim qayğı göstərdiyini, bu siyasətin Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini söyləyib.

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın muğamın inkişafı istiqamətində gördüyü işlərin Qarabağ camaatı tərəfindən yüksək qiymətləndirildiyi vurğulanıb.

Prezident İlham Əliyev mərkəzin kollektivi ilə xatirə şəkli çəkdirib.

Daha  sonra ölkə başçısı Bərdə rayonunda Daxili Qoşunlara məxsus "N" saylı hərbi hissənin yataqxanasının açılışında da iştirak edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti