...

Əfqan qadınlarının bütün sahələrdə inkişafı göz qarşısındadır - Əfqanıstanın Qadın Məsələləri üzrə Nazirliyinin rəhbəri (MÜSAHİBƏ)

Siyasət Materials 11 Mart 2009 09:08 (UTC +04:00)
Əfqan qadınlarının bütün sahələrdə  inkişafı göz qarşısındadır - Əfqanıstanın Qadın Məsələləri üzrə Nazirliyinin rəhbəri (MÜSAHİBƏ)

Trend -un Fars redaksiyasına Əfqanıstanın Qadın Məsələləri üzrə Nazirliyinin rəhbəri Hüsn Banu Qəzənfərin eksklüziv müsahibəsi

- 2001-ci ildə talib rejiminin süqutundan sonra qadınların vəziyyətini necə qiymətləndirirsiniz?

- Məlum olduğu kimi, əfqan qadınları qədim zamanlardan ictimai, iqtisadi, siyasi və mədəni problemlərlə qarşılaşırdılar. Əfqan adət-ənənələri və İslam dininin səhv şərhi əfqan qadınlarını ictimai həyatdan kənarda qalmağa məcbur edirdi. Amma digər tərəfdən, Əfqanıstanda adət-ənənələr var ki, onlar qadını cəmiyyətin bütün sahələrində şəxsiyyət kimi dəstəkləyir. Qadının siyasi, ictimai, iqtisadi və şəxsi vəziyyəti qanunlarda və islam mədəniyyətində dəqiq göstərilib. Lakin İslamın qanunlarını bilməmək və kor-koranə Əfqanıstan ənənələrinə sadiqlik əfqan qadınını hüquqlarından məhrum edir.
Siz qeyd etdiyiniz kimi, Əfqanıstanda istənilən hakimiyyət dövründə və xüsusən də taliblərin hakimiyyətdə olduğu  vaxt, qadın öz hüquqlarından məhrum olmuşdu və sıxışdırılırdı. Amma talib rejimi devrildikdən sonra Əfqanıstanda bütün sahələrdə qadının vəziyyəti yaxşılaşdı. Əfqan qadınlarının iqtisadi, ictimai, siyasi, mədəni həyatında dəyişikliklər hiss edilir.  Bunun yaxşı nümunəsi kimi qadınların prezident, parlament və əyalət şuralarına seçkilərdə fəal iştirakını göstərmək olar. Həm senatda, həm parlamentdə qadınlar var ki, bu da onların siyasi nöqteyi-nəzərdən vəziyyətlərinin yaxşılaşdığının göstəricisidir.

Qadın-ticarətçilər birliyinin yaranması, qadınların sənətlə məşğul olmaları, kənd təsərrüfatı məhsullarının istehsalında iştirak etmələri və digər bu kimi  fəaliyyətləri iqtisadi sahədə də inkişafın olduğunu göstərir. Qadınların mətbuatda, televiziyada, tədqiqat mərkəzlərində işləmələri, onların elmi konfranslarda iştirakı onların mədəni həyata fəal qoşulmalarından da xəbər verir.  

Əfqan qadınları bütün sahələrdə fəaliyyət göstərirlər, qadınların əfqan cəmiyyətində rolunun artma dinamikası nəzərə çarpır, amma bu inkişaf hələ son deyil. Qadının daha yüksək zirvələr əldə etməsi lazımdır.

- Ərləri ilə məcburi kəbində yaşamaq istəməyən qadınlar üçün tikilən sığınacaqlara münasibətiniz necədir? Bu sığınacaqların sayının artırılması nəzərdə tutulurmu?


- Qadın məsələləri ilə məşğul olan nazirlik belə sığınacaq açmayıb, amma bu layihəni dəstəkləyir. Çoxlu sayda qadın həll edilməyən ailə problemləri ucbatından öz evlərini tərk edir və sığınacaqları olmadıqları üçün təhlükə altında qalırlar. Problemləri həll olmayana qədər onlara sığınacaqda qalmaq imkanı verilir. Əgər belə sığınacaqlar olmasaydı, verilən zülmə görə evdən qaçan qadınların talelərinin necə olacağı sual altında olardı.  Vəziyyətdən çıxış yolu sığınacaqların tikilməsi və onların yaradılmasına dəstəkdir. Hazırda Əfqanıstanın bir neçə əyalətində qeyri-hökumət təşkilatları qadınlar üçün sığınacaqlar təşkil ediblər.
 
- Əfqanıstanda qadınların vəziyyəti ilə bağlı hansı həll yollarını görürsünüz? Əsrlərlə formalaşan ənənələrin dəyişməsinə hər-hansı bir ümid varmı?  
- Əvvəl dediyim kimi, ölkədə bir neçə cür ənənə var. Ənənələrin bir hissəsi məqbuldur və qadınların hüquqlarını məhdudlaşdırmır. Amma bir sıra qeyri-məqbul ənənələr də var ki, Əfqanıstanın bir çox yerlərində qadınların inkişafına mane olur. Bununla belə bu ənənələr də dəyişdirilə bilər. Problemin bir çox həll yolları var. Bunların sırasında mədəni, siyasi, iqtisadi sahələrdə inkişaf proqramları və İslam qanunları sahəsində maarifçiliyi göstərmək olar. Nəticə kimi hər bir problemin həlli var və bundan maksimum istifadə etmək lazımdır. Anadan olandan qadının böyük potensialı olur və buna görə o, bütün sahələrdə özünü göstərə bilər. Qadın gücsüz olmadığını sübut etməlidir. Qadınların vəziyyətində pozitiv dəyişikliklər üçün müəyyən zaman lazımdır.

- Qadınların hüquqi vəziyyətinin yaxşılaşdırılması yolunda beynəlxalq təşkilatlar nə kimi rol oynayırlar? Onların və yerli qadın hüquqlarını müdafiə təşkilatlarının fəaliyyətini necə qiymətləndirirsiniz?  

- Əfqanıstanda müharibə bitdi və çox sayda iqtisadi, siyasi və mədəni problemlər arxada qaldı. Əfqanıstanda vəziyyət ləng də olsa, düzəlir. Bu baxımdan beynəlxalq təşkilatların Əfqanıstanın bütün sahələrinin bərpası yolunda səyləri təqdiredicidir. Beynəlxalq təşkilatlar qadınların iqtisadi, hüquqi vəziyyətinin yaxşılaşdırılması və onlara tibbi yardımın göstərilməsi yolunda fəal iştirak edirlər. Bizim, beynəlxalq təşkilatların bütün sahələrdə köməyinə ehtiyacımız var.

Əfqanıstan daxilində qeyri-hökünıt təşkilatlarına gəldikdə isə, onların hər bir fəaliyyəti təqdirə layiqdir. Çünki onlar ölkənin vətəndaşları kimi həyatın yaxşılaşdırılmasına çalışırlar. Əhalinin köməyi olmadan dövlət heç nə edə bilməz. İnsanlar dövlətin formalaşmasında iştirak edirlər - prezident və digər rəsmi adamları seçirlər. Bundan çıxış edərək əfqan qeyri-hökumət təşkilatları həm əfqan dövləti həm də əfqan xalqının rifahı naminə çalışırlar.  
 

- Narkotik və tibb sahəsində qadınların maarifləndirilməsi baxımından hansı işlər görülür?

- İlk olaraq deyim ki, hər-hansı bir nəticədən danışmazdan əvvəl səbəbi tapmaq lazımdır. Birincisi, biz narkotiklərlə mübarizə aparıb, bunun kökünü kəsməliyik. İkincisi - biz narkotikdən asılı insanların müalicəsi ilə məşğul olmalıyıq.

Ölkənin bütün regionlarında narkotiklərin ziyanı və sağlam həyatın təbliği yönündə müxtəlif proqramlar həyata keçirilir. Beləliklə, çox sayda Əfqanıstan vətəndaşı narkotik maddələrin qəbul edilməsinin zərəri barədə məlumatlandırılır. Bu proqramların həyata keçirilməsi davam etdirilir. Əhalinin maarifləndirilməsi alimlər, ağsaqqallar və nüfuzlu insanlar tərəfindən və onların dəstəyi ilə həyata keçirilir.  

GhMəqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti