...

İlham Əliyevin ECO-ya rəhbərliyi dövründə təşkilat böyük inkişafa nail olub - Əhmədinejad

Siyasət Materials 11 Mart 2009 12:02 (UTC +04:00)
İlham Əliyevin ECO-ya rəhbərliyi dövründə təşkilat böyük inkişafa nail olub - Əhmədinejad

İlham Əliyevin ECO - İqtisadi Əməkdaşlıq Təşkilatına rəhbərlik etdiyi dövrdə bu təşkilatın fəaliyyəti yeni mərhələyə qədəm qoyaraq, böyük inkişaf mərhələsi keçib, - deyə İran prezidenti Mahmud Əhmədinejad ECO - İqitadi Əməkdaşlıq Təşkilatının sammitində bildirib.

İranın İRİNN telekanalından canlı yayımlanan sammitdə Əhmədinejad ECO-nun daha da inkişafı məqsədilə öz təkliflərini irəli sürüb. İran prezidenti ECO çərçivəsinədə prezidentlərin Tehranda keçirilən görüşündə bildirib ki, beynəlxalq "ədalətsiz iqtisadi sistem" öz yerini millətlərin haqlarına riayət edən sistemə verməlidir.

İran prezidenti martın 11-də keçirilən iclasda ECO üzvləri arasında vahid valyutanın seçilməsi, üzv ölkələrdə ECO adı altında bank yaradılması, ölkələr arasında idxal-ixrac əməliyyatlarında rüsum və vergilərin ləğv olunması, mal dövriyyəsinin həcminin artırılması təşəbbüsü ilə çıxış edib.

ECO - İqtisadi Əməkdaşlıq Təşkilatı dövlətlərarası qurum kimi 1985-ci ildə Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı gücləndirmək məqsədilə yaradılıb. Azərbaycan ECO-ya rəsmi olaraq 1992-cü ildə qəbul olunub. Həmin il Mərkəzi Asiya ölkələri də təşkilata üzv olub. Hazırda təşkilatın 10 üzvü var: Türkiyə, Azərbaycan, İran, Pakistan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan.

Sammitdə Azərbaycan, Pakistan, Əfqanıstan, Türkiyə, Tacikistan və İraq ölkələrinin dövlət başçıları, Suriyanın vitse-prezidenti və Qətərin əmiri iştirak edirlər.

Xəbər lenti

Xəbər lenti