...

Azərbaycan Parlamentində Cinayət Məcəlləsinə əlavə və dəyişikliklər qəbul edilib

Siyasət Materials 8 May 2009 17:24 (UTC +04:00)

Azərbaycan, Bаkı, 08 may / Trend , müxbir A.Hüseynbala /

Azərbaycan Parlamentində Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və Cinayət-Prosessual Məcəlləyə əlavə və dəyişikliklər qəbul edilib.

"Bu məcəllələrə əlavə və dəyişikliklər "Dini etiqad azadlığı haqqında" qanuna edilən əlavə və dəyişikliklərə görə zəruridir", - cümə günü Milli Məclisin iclasında hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komitəsinin sədri Əli Hüseynov bildirib.

Hüseynovun sözlərinə görə, Cinayət Məcəlləsinin 167-ci maddəsinə nəzərdə tutulan dəyişiklik dinə etiqad etməyə məcburetmə ilə bağlıdır. "Şəxsi hər hansı dinə (dini cərəyana) etiqad etməyə, o cümlədən dini ayinlərin, mərasimlərin, ibadətlərin həyata keçirilməsinə, dini təhsil almağa məcbur edənlər 500 manatdan min manatadək miqdarında cərimə və ya iki ilədək müddətə islah işləri, yaxud iki ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaqlar", - komitə sədri əlavə edib.

Millət vəkili deyib ki, şəxsi hər hansı dini quruma üzv olmağa məcburetmə və ya şəxsin üzv olduğu dini qurumdan çıxmasına maneolmaya görə də eyni cəzalar nəzərdə tutulur. "Eyni hərəkətlər yetkinlik yaşına çatmayan şəxs barəsində, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə min manatdan iki min manatadək cərimə, yaxud iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq", - Hüseynov vurğulayıb.

Komitə sədrinin sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinə əlavədə müvafiq rəy olmadan dini ibadət yerinin tikintisinə və ya mövcud dini ibadət yerinin yenidən qurulmasına, dini qurumun qeydiyyatdan keçdiyi hüquqi ünvandan kənarda fəaliyyət göstərməsinə, dini qurumun öz yaranma məqsədlərinə zidd olan fəaliyyəti həyata keçirməsinə görə cəzalar nəzərdə tutulur. "Maddənin sanksiyasında "on manatdan on beş manatadək" sözləri "yüz manatdan üç yüz manatadək", "qırx manatdan yetmiş manatadək" sözləri isə "iki yüz manatdan beş yüz manatadək" sözləri ilə əvəz ediləcək", - Hüseynov qeyd edib.

Əlavə və dəyişikliklərdə dini etiqad azadlığı haqqında qanunvericiliyin pozulmasına görə tətbiq olunan cərimələrin də həcminin artırılması nəzərdə tutulur. 

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti