Azərbaycan, Bakı, 13 may / Trend , müxbir D.İbrahimova /
"Pakistan ordusunun taliblərlə mübarizəsi Vaşinqtonun xoşuna gəlmək üçün başlana bilər və nəticədə münaqişə böyüyüb vətəndaş müharibəsi ilə nəticələnə bilər", - ekspertlər hesab edir.
"Qorxuram ki, çox yaxında Pakistanda "oyunun sonunu" görək", - Cənubi Asiya üzrə ingiltərəli ekspert Vernon Hyuit Trend -a bildirib.
Pakistan hakimiyyəti mayın 7-də Svat dərəsində fəaliyyətdə olan taliblərə qarşı hərbi əməliyyatların aparılmasına qərar verib. Bu, ekstremistlər Svatla qonşu olan rayonları ələ keçirdikdən sonra baş Verdi. Baxmayaraq ki, İslamabad sözü gedənregionda şəriət qanunlarının qüvvədə olmasına razılıq vermişdi. Svat dərəsində hərbi əməliyyatlar bugünədək aparılır.
BMT-nin qaçqınlar üzrə komissiyasının məlumatına əsasən, Pakistan ordusunun talib birləşmələrinin üzərinə hücumu nəticəsində yarım milyon insan Svat dərəsini tərk edib.
Pakistan Prezidenti Asif Zərdarinin imzaladığı qanun layihəsinə əsasən, Svat dərəsi də daxil olmaqla altı rayonun daxil olduğu Malakand əyalətində şəriət qaydaları tətbiq edilib.
Şəriət qanunlarının tətbiqi taliblərə 2009-cu ilin fevralında vəd edilmişdi və əvəzində sözügedən əyalətdə "Taliban" birləşmələri hərbi əməliyyatlara son qoymalı idi. Zərdarini dəstəkləyən Qərb dövlətləri belə bir razılaşmanın əleyhinə olduğundan qanun layihəsinin imzalanması aprelədək yubandı.
"Taliban" hərəkatı Pakistanda İslam dövlətinin yaradılması və xarici qoşunların Əfqanıstandan çəkilməsi uğrunda mübarizə aparır. Hərəkat apreldə Əfqanıstan Prezidenti Həmid Kərzayiyə sui-qəsd və 2008-ci ilin avqustunda Hindistan səfirliyinin partlayışını təşkil edib.
Ekspertlərin fikrincə, Pakistanın hərəkəti Vaşinqtonun arzularının yerinə yetirilməsinə yönəlib. ABŞ rəsmiləri dəfələrlə bəyan ediblər ki, Pakistan hökuməti taliblərlə mübarizədə yetərincə səy göstərmir.
Ekstremistlərin məhv edilməsi barədə əmr Pakistan, Əfqanıstan və ABŞ prezidentlərinin Vaşinqton görüşündən sonra verildi. "Pakistanın hazırkı hərəkətləri Vaşinqtonun dəstəyinin əldə edilməsinə yönəlib və ölkə üçün təhlükəli olan vəziyyətin aradan qaldırılması yolunda ciddi bir addım deyil", - elektron poçtla Trend -a Cənubi Asiya üzrə ekspert, professor Summit Qanquli deyib.
Qanqulinin fikrincə, dünya ictimaiyyətinin daimi təzyiqi olmadan Pakistan hərbçiləri "çevik və qəti" hərəkət etməyəcək.
Pakistan Prezidenti "nəhəng ərazidə taliblərin mövcudluğunu" təsdiq edib. Taliblərin əsas hissələri Pakistan ərazisində Şimal-Qərb sərhəd əyalətində "müstəqil qəbilələr" zolağında və Əfqanıstan ərazisində yerləşir.
"Nə qədər ki, Pakistan hərbçiləri "Taliban" hərəkatının yatırılması üçün ardıcıl və uzunmüddətli strategiya işləməyiblər, qorxuram ki, səylər nəticəsiz qalsın", - Qanquli qeyd edib.
Rusiyalı politoloq Natalya Zamorayevanın fikrincə, hazırkı münaqişə praktiki olaraq vətəndaş müharibəsidir və müharibəni dövlət öz əhalisinin bir hissəsinə qarşı aparır. "Bu dəfə Pakistan hakimiyyəti münaqişədə ordunun iştirakını kəskin şəkildə artırmaq qərarına gəldilər və hərbi kontingent 6 briqadadan təşkil olunub", -www.centrasia.ru saytının verdiyi məlumata görə, Cənubi Asiya üzrə rusiyalı ekspert Zamorayeva deyib.
Hyuittin fikrincə, Pakistanda baş verənlər təsəvvür olunmaz dərəcədə ciddi fəsadlara gətirə bilər. Ekspert Pakistanda yaranmış vəziyyətlə bağlı narahatçılığını bildirib. "Qorxuram k, yaxın zamanlarda Pakistanda vəziyyətin son həddə çatdığının şahidi olaq", - Britaniyanın Bristol Universitetinin lektoru Hyuitt deyib.
"Cənubi Asiyanın ayrılması müsəlmanların öz müqəddəratını təyin etmək istəyi ilə yanaşı, Britaniyanın "imperiya tərzindən" imtina etməsi cəhdi idi", - Hyuitt qeyd edib. Onun sözlərinə əsasən, nəticədə dayanıqlı daxili konsensusun əvəzinə beynəlxalq və regional sistemlər tərəfindən dəstəklənən dövlət yarandı. "Zaman ötdükcə zəif daxili konsensus qabardı və regiondakı qüvvələr dövlət əleyhinə qalxdı ki, bu da Pakistanın iflasına gətirə bilər", - Hyuitt əlavə edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]