...

Azərbaycanın hakim partiyası siyasi partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi məsələsinin tezliklə həll edilməsi tərəfdarıdır

Siyasət Materials 26 May 2009 10:17 (UTC +04:00)
Azərbaycanın hakim partiyası siyasi partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi məsələsinin tezliklə həll edilməsi tərəfdarıdır

Azərbaycan, Bаkı, 25 may / Trend , müxbir  A.Hüseynbala /

Azərbaycanın hakim partiyası "Siyasi partiyalar haqqında" qanuna əlavə və dəyişikliklərin tezliklə parlamentin müzakirəsinə çıxarılmasının tərəfdarıdır.

"Biz istəyirik ki, layihədə siyasi partiyaların gələcəkdə dövlət büdcəsindən maliyyələşdirilməsi ilə bağlı müddəalar da əksini tapsın", - bazar ertəsi Trend -a Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib.

Trend -un arayışı: Azərbaycanda 52 partiya Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. "Siyasi partiyalar haqqında" qanun 1992-ci ildə qəbul olunub. Ciddi dəyişikliklərdən sonra yenidən qəbul olunacaq qanunda partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi də nəzərdə tutulub.

Daha öncə Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Trend -a bildirib ki, bu məsələ həm Milli Məclis, həm də cəmiyyətdə müzakirə olunmalıdır. Onun fikrincə, məsələnin parlamentdə müzakirəsi zamanı ən adekvat və optimal variantlar seçiləcək və bu zaman müasir dünyanın tələbləri nəzərə alınacaq.

Həsənov bildirib ki, dövlət büdcəsindən maliyyələşmə zamanı siyasi partiyaların xarakteri, inkişaf maraqları nəzərə alınacaq.

Qurbanlının sözlərinə görə, partiyaların büdcədən hansı formada maliyyələşdirilməsi məsələsi yalnız müzakirələr nəticəsində müəyyənləşdirilə bilər.

"Bizim düşüncəmizə görə, ən optimal variant siyasi partiyaların seçkilərdə iştirak edib yer tutmasıdır. Amma biz hökmən bu kriteriyanın əsas götürülməsinin tərəfdarı deyilik", - hakim partiya funksioneri əlavə edib.

Millət vəkili deyib ki, Azərbaycanda dünyanın bir çox ölkələrində mövcud olan partiyaların büdcədən maliyyələşdirilməsi prosedurundan da istifadə edilməsi mümkündür.

"Məncə, biz Türkiyə, Almaniya, İtaliya və başqa dövlətlərin təcrübəsindən yararlana bilərik. Amma hər halda əsas kriteriya seçkidə iştirak edib parlamentdə tutulan yerlər olmalıdır", - Qurbanlı vurğulayıb.

YAP 1992-ci ildə о vаxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 16 ildir hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti