Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayev Azərbaycanın milli bayramı - Respublika günü münasibətilə Azərbaycan Prezidentini təbrik edib.
"Qazaxıstan və Azərbaycan arasındakı dostluq və qarşılıqlı anlaşma öz inkişafında yüksək səviyyəyə çatıb, ölkələrimizi sıx tellərlə bağlayan birlik bundan sonra da xalqlarımızın mənafeləri naminə inkişaf edəcəkdir" təbrik məktubunda qeyd edilib, cümə axşamı AzərTAc dövlət agentliyi məlumat yayıb.
Nazarbayev Azərbaycan Prezidentinə və onun ailəsinə möhkəm cansağlığı, bol bərəkət, dost Azərbaycan xalqına isə tərəqqi, həmrəylik və əmin-amanlıq arzu edib.
Respublika Günü münasibətilə Azərbaycan Prezidentini Türkmənistanın dövlət başçısı Qurbanqulu Berdiməhəmmədov da təbrik edib.
"Ölkənizin milli bayramı - Respublika günü münasibətilə Sizə və Sizin simanızda dost Azərbaycan xalqına səmimi təbriklərimi göndərirəm. Ölkələrimiz arasında qarşılıqlı dostluq münasibətlərinin Türkmənistan və Azərbaycan xalqlarının rifahı naminə yüksələn xətlə inkişaf edəcəyinə və möhkəmlənəcəyinə qəti əminliyimi ifadə edirəm" Türkmənistan Prezidentinin təbrik məktubunda qeyd olunub.