Azərbaycan, Bakı, 16 iyun / Trend , müxbir A.Hüseynbala /
Azərbaycanın hakim partiyası bələdiyyə seçkiləri ilə bağlı rəsmən hazırlıq işlərinə başlayıb.
"Bu günə kimi bələdiyyə seçkiləri ilə bağlı beş zona müşavirəsi keçirilib, ayın sonuna kimi bu proses başa çatdırılacaq", - Trend -un məlumatına görə, çərşənbə axşamı Yeni Azərbaycan Partiyasının rəsmi saytına partiyanın icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib.
Trend -un arayışı: Ötən ay Azərbaycan parlamentində "Bələdiyylərin birləşdirilməsi haqqında" qanun qəbul edilib. Qəbul edilən qanuna görə, Azərbaycanda bələdiyyələrin sayı 2757-dən 1766-ya enib.
Azərbaycanda bələdiyyə seçkisi 2009-cu ilin dekabrında, parlament seçkisi isə 2010-cu ilin payızında keçirilməlidir. Bundan əvvəl iki dəfə - 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.
Novruzovun sözlərinə görə, artıq partiya üzvlərinin iştirakı ilə yerlərdə seçki qərargahları yaradılıb və qərargah üzvləri təsdiq olunub. "Bundan sonrakı müddətdə siyahıların dəqiqləşdirilməsi, ərazinin öyrənilməsi prinsipləri, bələdiyyə seçkilərinə hazırkı namizədlərin fəaliyyətlərinin təhlili, cəmiyyət tərəfindən onlara olan münasibət və digər məsələlərlə bağlı müzakirələr aparılacaq", - hakim partiya funksioneri əlavə edib.
İcra katibinin müavini deyib ki, yeni namizədlərin müəyyənləşdirilməsi prosesi isə bundan sonra başlayacaq.
YAP 1992-ci ildə о vаxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 16 ildir hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]