...

Azərbaycan Prezidenti Böyük Britaniyanın Baş naziri ilə görüşüb

Siyasət Materials 13 İyul 2009 19:33 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev bazaar ertəsi Böyük Britaniyanın Baş naziri Qordon Braun ilə görüşüb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi məlumat yayıb.

Braun Azərbaycanla müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb. Azərbaycanın antiterror koalisiyasında iştirakına toxunan Baş nazir Azərbaycanın bu istiqamətdə fəaliyyətinin Böyük Britaniya hökuməti tərəfindən yüksək qiymətləndirildiyini bildirib.

Braun Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin genişlənməsini müsbət hal kimi dəyərləndirib və bildirib ki, Böyük Britaniya bundan sonra da Azərbaycanı beynəlxalq aləmdə müxtəlif sahələrdə dəstəkləyəcək. "Biz Azərbaycanla siyasi, iqtisadi və digər sahələrdə əlaqələri genişləndirmək əzmindəyik", - deyə Baş nazir qeyd edib.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycanla Böyük Britaniya arasında ikitərəfli münasibətlər siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf edir. Enerji sahəsi qarşılıqlı əlaqələrin çox mühüm istiqamətlərindən biridir. Uzun illərdir Azərbaycanla BP şirkəti arasında əməkdaşlıq sürətlə inkişaf edir. Əlaqələrin digər sahələrdə də inkişafı üçün yaxşı perspektivlər var.

Prezident İlham Əliyev Azərbaycanda iqtisadi sahədə, enerji və qeyri-neft sektorunda əldə edilən uğurlardan danışıb. Azərbaycanın Avropaya sürətlə inteqrasiya etdiyini bildirən dövlət başçısı bu baxımdan Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın yeni mərhələyə daxil olduğunu vurğulayıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Prezident İlham Əliyev Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzünün regional inkişafa böyük əngəl törətdiyini bildirib.

Azərbaycanın antiterror koalisiyasında iştirakı ilə bağlı dövlət başçısı deyib ki, ölkəmiz bu işdə fəal iştirak edir, regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasına öz töhfəsini verir.

Azərbaycan Prezidenti, həmçinin Avropanın enerji təhlükəsizliyində ölkəmizin rolundan danışıb və vurğulayıb ki, bu rol getdikcə daha da artmaqda dava edir.

Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparılıb

Xəbər lenti

Xəbər lenti