...

DSMF ilə Almaniya Pensiya Sığortası İdarəsi arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Siyasət Materials 20 İyul 2009 11:51 (UTC +04:00)
Azərbaycanın Dövlət Sosial Müdafiə Fondu (DSMF) ilə Almaniya Pensiya Sığortası İdarəsi arasında ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub. DSMF-nun ictimaiyyətlə əlaqə sektorunun müdiri Elman Babayev bazar ertəsi Trend News-a bildirib ki, ikitərəfli əməkdaşlığın perspektivləri Fondun nümayəndə heyətinin Almaniyada səfəri zamanı müzakirə olunub.

Azərbaycan, Bakı, 20 iyul / Trend , müxbir K. Zərbalıyeva /

Azərbaycanın Dövlət Sosial Müdafiə Fondu (DSMF) ilə Almaniya  Pensiya Sığortası İdarəsi arasında ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub.

DSMF-nun ictimaiyyətlə əlaqə sektorunun müdiri Elman Babayev bazar ertəsi Trend -a bildirib ki, ikitərəfli əməkdaşlığın perspektivləri Fondun nümayəndə heyətinin Almaniyada səfəri zamanı müzakirə olunub.

Fondun aparıcı şöbələrinin müdirləri və mütəxəssislərinin daxil olduqları nümayəndə heyətinin beş günlük səfəri zamanı Avropada ən nüfuzlu pensiya orqanlarından hesab edilən Almaniya Pensiya Sığortası İdarəsinin büdcəsinin tərkibi və icrasının uçotu, həmçinin sığorta-pensiya sistemində həyata keçirilən islahatlar, aktuar tədqiqatların təşkili sahəsindəki təcrübə kimi məsələlər müzakirə edilib. DSMF təmsilçiləri Almaniya Pensiya Sığortası İdarəsində kontrolinqlə məşğul olan şöbənin fəaliyyəti ilə yaxından tanış olublar. Azərbaycan nümayəndə heyətinə məlumat verilib ki,  bu şöbənin işi əsasən büdcədə nəzərdə tutulan xərclər üzrə əldə olunan qənaət məbləğinin təhlilini aparmaqla yanaşı, istər mərkəzi aparat üzrə şöbələrin, istərsə də yerli şöbələrin işini qiymətləndirməklə məşğul olur. Səfər zamanı aparılan müzakirələrdə  Almaniya Pensiya Sığortası İdarəsinin bu sahədə əldə etdiyi müsbət təcrübəni DSMF üzrə tətbiq etməkdən ötrü iki ölkənin pensiya fondları arasında müzakirələrin davam etdirilməsi və qarşılıqlı səfərlərin həyata keçirilməsi barədə razılığa gəlinib.

Səfər zamanı aktuar hesablamaların Azərbaycanda tətbiqinin təşkili, bu istiqamətdə araşdırmaların aparılması istiqamətində də fikir mübadiləsi aparılıb. Aktuar tədqiqatların aparılması Azərbaycan iqtisadiyyatı üçün yenilik olsa da, DSMF ilk olaraq bu hesablamaların tətbiqini nəzərdə tutur və bu sahədə Almaniya  Pensiya Sığortası İdarəsinin təcrübəsindən yararlanmaq əsas məqsəd kimi qarşıya qoyulub.  Azərbaycanda sığorta-pensiya sistemində həyata keçirilən islahatların növbəti mərhələsini müəyyənləşdirən "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı" nda da aktuar hesablamaların tətbiqinə mühüm yer ayrılmışdır. Dövlət Proqramına uyğun olaraq 2009-2015-ci illərdə sığorta-pensiya sisteminin inkişafı sığorta-pensiya sisteminin fəaliyyətinin aktuar modellər əsasında təkmilləşdirilməsi nəzərdə tutulur.

DSMF nümayəndə heyətinin 2007-ci ilin dekabrında Almaniyaya səfəri zamanı Almaniya  Pensiya Sığortası İdarəsi ilə Dövlət Sosial Müdafiə Fondu arasında ikitərəfli saziş imzalanıb.


Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti