Azərbaycan, Bakı, 21 iyul / Trend /
Azərbaycan Prezidenti İlham Əliyev "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2009-cu il 30 iyun tarixli 856-IIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsi barədə fərman imzalayıb. Məluamtı çərşənbə axşamı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Prezidentin fərmanı ilə qüvvədə olan qanunvericilik aktlarının "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərin 1 ay müddətində hazırlanması Nazirlər Kabinetinə tapşırılıb.
Həmçinin Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılması da hökumətə tapşırılıb.
Fərmanla müəyyən edilib ki, "Valyuta tənzimi haqqında" Qanunun 14-1.1-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Dövlət Gömrük Komitəsi həyata keçirir.
"Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №8, III kitab, maddə 610; 2001-ci il, №10, maddə 646; 2002-ci il, №5, maddələr 273, 279, №7, maddə 413, №8, maddə 478, №9, maddə 563; 2003-cü il, №8, maddə 434; 2004-cü il, №1, maddə 19, №5, maddə 345; 2005-ci il, №1, maddə 18, №4, maddə 299, №9, maddə 799, №12, maddə 1101; 2006-cı il, №8, maddə 676, №11, maddə 935; 2007-ci il, №1, maddə 10, №3, maddə 223, №9, maddə 865, №12, maddə 1247; 2008-ci il, №1, maddələr 7, 10) 3-cü bəndinin üçüncü abzasında "270 və 271-285-ci" sözləri "270-285 və 316-2.2-ci" sözləri ilə əvəz edilib.