Azərbaycan, Bakı, 15 avqust / Trend , müxbir D.Xatınoğlu /
Azərbaycanın Pakistandakı səfirliyində Pişəvər əyalətində "Əl-Qaidə" ilə əlaqədə şübhəli bilinən 11 nəfər azərbaycanlının həbs olunması barədə məlumat yoxdur.
"Azərbaycanın Pakistandakı diplomatik missiyasına ölkənin hüquq-mühafizə orqanlarından "Əl-Qaidə" ilə əlaqədə şübhəli bilinən azərbaycanlıların həbs olunması barədə məlumat daxil olmayıb", - şənbə günü Trend -a İslamabaddakı səfirliyin müşaviri Sabir Rzayev deyib.
"11 nəfər azərbaycanlı da daxil olmaqla, təxminən 30 nəfər Bəluçistan vilayətindən Pişəvərə yollanan avtobusda axtarışlar zamanı həbs edilib", - Türkiyənin NTV telekanalı xəbər verib. Məlumata görə, onların arasında Türkiyə vətəndaşları da - yeddi kişi, beş qadın və dörd uşaq olub.
Kanalın məlumatına görə, onlar "Əl-Qaidə" ilə əlaqədə şübhəli bilinirlər.
Rzayevin sözlərinə görə, Azərbaycan vətəndaşlarının Pakistan sərhədini qeyri-qanuni keçmələri faktına əvvəllər də rast gəlinirdi. "Yaxın zamanlarda üç Azərbaycan vətəndaşı yerli hüquq-mühafizə orqanları tərəfindən sərhədin qanunsuz keçməsi səbəbindən saxlanılıb və onlara yalnız sərhədin qanunsuz keçilməsi üzrə ittiham irəli sürülüb. Bu vətəndaşlar Pakistan xüsusi xidmət orqanları və səfirliyin köməyi ilə Azərbaycana qaytarılıb", - Rzayev qeyd edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]