"Kramko" gəmisindəki azərbaycanlı dənizçilərin adları açıqlanıb

Siyasət Materials 8 Sentyabr 2009 14:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 sentyabr / Trend , müxbir S.Ağayeva /

Qara dənizdə, Türkiyənin İstanbul şəhərinin Kulos ərazisi yaxınlığında "Kramko" (Kramco) gəmisinin bazar ertəsi qəzaya uğraması nəticəsində zərər çəkən azərbaycanlı dənizçilərin - ekipaj üzvlərinin adları açıqlanıb.

Azərbaycanın Türkiyədəki səfiri Zakir Haşımovun Ankaradan Trend -a telefonla bildirdiyi kimi, onlar Ənvər Quliyev, Roman Balakirev, İlqar Quliyev, Zəfər Rəhimov, Yusif Babaşev, Balayar Haqverdiyev, Hamlet Kiçibəyov və Nail Haqverdiyevdir.

Onların hamısı Azərbaycan vətəndaşıdır. Səfirin sözlərinə əsasən, bütün dənizçilərin vəziyyəti stabildir.

"Azərbaycanlı dənizçilərin bütün sənədləri qaydasındadır və onlar istənilən vaxt vətənə qayıda bilərlər. Azərbaycanın İstanbuldakı Baş Konsulluğu onlara bu istiqamətdə yardım göstərməyə hazırdır", - Haşımov bildirib.

Türkiyənin İstanbul şəhərinin Kulos ərazisi yaxınlığında Kambodja bayrağı altında üzən, göyərtəsində azərbaycanlıların olduğu "Kramko" (Kramco) gəmisi Qara dənizdə qəzaya uğrayıb.

Gəmidə olan 12 nəfərlik heyətin səkkiz üzvü Azərbaycan vətəndaşı, ikisi gürcü, biri ukraynalı və bir türk vətəndaşı olub.

Gəmidən həyacan siqnalı yerli vaxtla təqribən saat 17:30-da gəlib, NTV teleşirkəti xəbər verib. Qəza yerinə xilasetmə bölmələri göndərilib. Gəmi iki hissəyə bölünüb.

Əvvəlcə komandanın doqquz üzvü evakuasiya edilib, sonra isə daha üç nəfər xilas edilib, telekanal xəbər verir. NTV-nin məlumatına əsasən, güclü fırtınanın çətinləşdirdiyi xilastemə işlərində Türkiyənin sahil mühafizə xidmətinin katerləri və vertolyotları iştirak edib.

Müşahidəçilər qeyd edirlər ki, İstanbul növbəti dəfə 12 milyonluq meqapolis üçün gözlənilməz nəticələr törədə biləcək ekoloji qəzadan yayına bildi.

İstanbulu ikiyə ayıran Bosfordan hər il təxminən 150 milyon ton neft daşıyan yüz minlərcə gəmi keçir.

Xəbər lenti

Xəbər lenti