Dağlıq Qarabağ problemi həll olunmadan Ermənistanla sərhədlərin açılması Cənubi Qafqazda sülhün bərpasına ağır zərbə olar - Azərbaycan Parlamentinin spikeri

Siyasət Materials 19 Sentyabr 2009 17:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 sentyabr / Trend , müxbir C.Babayeva/ Azərbaycan Parlamentinin spikeri hesab edir ki, Dağlıq Qarabağ problemi həll olunmadan Türkiyənin  Ermənistanla sərhədlərinin açılması Cənubi Qafqaz regionunda sülhün və əmin-amanlığın bərpasına ağır zərbə olar.

"Bu məsələdə paralelliyi pozmaq istəyənlər anlamalıdırlar ki, işğal olunmuş ərazilər boşaldılmadan sərhədlərin açılması Azərbaycanın milli maraqlarına zidd olmaqla yanaşı, eyni zamanda, Cənubi Qafqaz regionunda sülhün və əmin-amanlığın bərpasına ağır zərbə olar" Trend -un məlumatına görə, bu barədə İsveçrə Konfederasiyasının Federal Xarici İşlər Departamentinin rəhbəri (faktiki olaraq Xarici İşlər naziri) xanım Mişelin Kamili-Rey ilə görüşündə spiker Oqtay Əsədov bildirib, məlumatı parlamentin mətbuat xidməti yayıb.

Trend -un arayışı: Avqust ayında Türkiyə XİN-dən bildirilib ki, Ermənistanla İsveçrənin vasitəçiliyi ilə aparılan danışıqlarda "Diplomatik münasibətlərin qurulması barədə Protokol" və "İkitərəfli münasibətlərin inkişafı üzrə Protokol"a dair "daxili siyasi məsləhətləşmələr"ə başlanılması barədə razılaşma əldə olunub. Siyasi məsləhətləşmələrin altı həftə ərzində tamamlanması planlaşdırılır, bunun ardınca isə iki protokol imzalanacaq və təsdiqlənməsi üçün hər iki ölkə parlamentinə təqdim ediləcək. Bu barədə Türkiyə XİN-in məlumatında deyilir. "Türkiyə hazırda qonşu Ermənistanla sərhədlərin açılmasını planlaşdırmır", - Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib. Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır.

Milli Məclisin Sədri cənab Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti sentyabrın 16-dan 18-dək İsveçrə Konfederasiyasında rəsmi səfərdə olub. Nümayəndə heyətinin tərkibinə deputatlardan Çingiz Əsədullayev, Asim Mollazadə, Elton Məmmədov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxil idilər.

Spiker görüşdə qeyd edib ki, Türkiyə ilə Ermənistan sərhədlərinin bağlanmasına səbəb Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunmasıdır.

"Bu məsələ isə neçə illərdir öz həllini tapmayıb. Ermənistan beynəlxalq hüquq normalarına və nüfuzlu beynəlxalq  təşkilatların qəbul etdiyi qərar və qətnamələrə məhəl qoymur. Azərbaycan isə nə Türkiyənin, nə də Ermənistanın daxili işlərinə qarışmaq fikrində deyil.  Amma hamı bilməlidir ki, sərhədlərin açılması prosesi ilə torpaqların işğaldan azad olunması məsələsi paralel olaraq  həyata keçirilməlidir" spiker əlavə edib.

Xanım Mişelin Kamili-Rey isə öz ölkəsinin Azərbaycanla əməkdaşlığa xüsusi maraq göstərdiyini söyləyib və bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin oktyabrında İsveçrəyə nəzərdə tutulmuş səfəri ilə bağlı ciddi hazırlıq işləri görülür.

Əsədov ölkələrimiz arasında yaranmış əlaqələrin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminliyini ifadə edib və Azərbaycanın  ərazi bütövlüyünü dəstəklədiyinə görə İsveçrə hökumətinə təşəkkürünü bildirdi.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti