...

Azərbaycan Parlamenti sülhməramlıların statusunu müəyyən edəcək

Siyasət Materials 24 Sentyabr 2009 12:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 sentyabr / Trend , müxbir A.Hüseynbala /

Azərbaycan sülhməramlıları ilə bağlı qanun layihəsi Parlamentin payız sessiyasının gündəliyinə salınıb.

"Komitəmiz artıq "Sülhməramlıların statusu haqqında" qanun layihəsinin parlamentin növbəti sessiyasında müzakirəyə çıxarılmasını tövsiyə edib", - cümə axşamı Trend -a Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib.

Trend -un arayışı: Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin strukturunda 45 sülhməramlısı xidmət edir, həmin əsgərlər Kabil şəhərində post patrul xidmətini həyata keçirirlər. Parlament ötən ilin oktyabrda Əfqanıstandakı sülhməramlıların sayının iki dəfə artırılması və 90 nəfərə çatdırılması barədə qanun qəbul edib. Azərbaycan Parlamenti ötən il martın 4-də Kosovanın birtərəfli şəkildə Serbiyadan ayrılaraq müstəqilliyini elan etməsindən sonra yaranmış siyasi vəziyyətlə əlaqədar olaraq, vilayətdə xidmət edən 34 azərbaycanlı sülhməramlıların geri çağırılması haqqında qərar qəbul edib. Azərbaycan Silahlı Qüvvələrinin İraqda Çoxmillətli Qüvvələrin tərkibində 150 hərbçisinin isə xidmət müddəti başa çatıb.

Orucun sözlərinə görə, layihənin müzakirəsi zamanı Maliyyə və Müdafiə nazirliklərindən, eləcə də Prezident Administrasiyasından müsbət rəy alınıb.

"Azərbaycan 1999-cu ildən sülhməramlı əməliyyatlarda iştirak edir. Bu, Azərbaycana ötən illərdə çox böyük uğur gətirib. Sülhməramlı əməliyyatlarda iştirakımız həm də dövlətimizn beynəlxalq təhlükəsizliyinə təminat verir. Bu səbəbdən sülhməramlılarla bağlı ayrıca qanunun qəbulu olduqca zəruridir", - komitə üzvü əlavə edib.

Millət vəkili deyib ki, layihədə sülhməramlıların statusu, maddi texniki təminatı, müalicəsi və digər məsələləri öz əksini tapıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti