Gürcüstan, Tbilisi, 25 sentyabr / Trend , müxbir N.Kirsxaliya /
Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze Nyu-Yorkda səfərini davam etdirir. Xarici İşlər Nazirliyinin mətbuat xidməti departamentindən verilən məlumata görə, BMT Baş Assambleyası çərçivəsində Vaşadze təşkilata üzv ölkələrin xarici siyasət idarələrinin rəhbərləri ilə görüşlər keçirir.
Gürcüstanın xarici işlər naziri macarıstanlı həmkarı Peter Balajla görüşüb. Tərəflər ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələsini müzakirə ediblər. Görüşdə iqtisadi əməkdaşlığın inkişafına xüsusi diqqət yetirilib, həmçinin beynəlxalq təşkilatlar olan NATO və Aİ çərçivəsində də fəal əməkdaşlığın vacibliyi vurğulanıb.
Vaşadze, həmçinin Avstriyanın federal xarici işlər naziri Mikael Spindeleqerlə, Misirin xarici işlər naziri Əhməd Əbül Qeydlə, Portuqaliya və Bolqarıstanın xarici işlər nazirləri ilə görüşlər keçirib. Görüşlərdə ikitərəfli əlaqələr müzakirə edilib.
Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayevlə görüşdə ATƏT və BMT çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyi vurğulanıb. Vaşadzenin yaxın zamanlarda həyata keçiriləcək Astanaya səfərinin detalları müzakirə edilib. Gürcüstan naziri öz həmkarını ölkəsinə dəvət edib.
Vaşadze Kiprin xarici işlər naziri Markos Kuprianla görüşü zamanı XİN-lər çərçivəsində siyasi məsləhətləşmələrin aparılması barədə razılığa gəlib.
Vaşadze ilə ABŞ-ın Quantanamo məsələsi üzrə xüsusi nümayəndəsi Deniel Fridom arasında görüş keçirilib ki, burada da Gürcüstan və ABŞ arasındakı əlaqələr müzakirə edilib.
Vaşadze, həmçinin ABŞ dövlət katibinin köməkçisi Filip Qordonla görüşüb. Görüşdə iki dövlət arasında tərtib edilən xartiyanın detalları və Cenevrə danışıqlarının konkret məsələləri, həmçinin Gürcüstanın işğal edilən ərazilərindəki vəziyyət müzakirə edilib.
Qriqol Vaşadze, onun müavini Aleksandr Nalbandov və Gürcüstan nümayəndə heyətinin digər üzvləri ABŞ Yəhudi Komitəsinin prezidenti Riçard Sidman və icraçı direktor Devid Hari ilə görüşüb. Görüşdə Gürcüstan və Avropa xalqları arasındakı əlaqələrin dərinləşdirilməsi məsələləri müzakirə edilib.
Gürcüstanın Xarici İşlər Nazirliyinin adından rəsmi şam yeməyi verilib. Burada beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, NATO və Aİ ilə çoxtərəfli əlaqələrin dərinləşdirilməsi, viza rejiminin sadələşdirilməsi və readmissiya barədə razılığın imzalanması məsələləri də müzakirə edilib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]