ABŞ, Nyu-York, 28 sentyabr / Trend , xüsusi müxbir K.Paşayeva /
Amerika-Yəhudi Komitəsinin (AJC) icraçı direktoru Devid Harris ilə müsahibə
- Azərbaycan İsrail ilə strateji tərəfdaşlıq və dost münasibətlərini dəstəkləyən iki müsəlman ölkəsindən biridir. Bu baxımdan Azərbaycan ABŞ-ın yəhudi icmasında necə qəbul olunur?
- Bu yaxınlaradək ABŞ-da Amerika yəhudilərinə Azərbaycan haqqında az şey məlum idi. Mən şadam ki, vəziyyət dəyişməyə başlayıb. Bizim Amerika-Yəhudi Komitəsi kimi təşkilatlarımız Bakıya səfər edib və öz təcrübələrini digərləri ilə bölüşüblər. Eyni zamanda, İsrail Prezidenti Şimon Peresin bu yaxınlarda Bakıya səfəri ölkə haqqında və onun İsrailin həyatında oynadığı mühüm rolu haqqında məlumatı artırdı.
- Bu ilin iyun ayında İsrail Prezidenti Şimon Peres rəsmi olaraq Azərbaycana səfər edib. Ötən həftə Azərbaycan Prezidenti İlham Əliyev İsrail xalqını Roş Ha-Şana bayramı münasibəti ilə təbrik edən ilk müsəlman dövləti başçısı oldu. Necə hesab edirsiniz, ABŞ-ın yəhudi və Azərbaycan icmaları bu dostluğu lazımi dərəcədə bölüşürmü?
- Təbii ki, biz İsrail xalqını təbrik edən Prezident İlham Əliyevə minnətdarlığımızı bildirdik. Bu müsbət qiymət qazanan çox lütfkar hərəkət idi. Bu kimi məktublar Azərbaycana marağı artırır.
Bu prosesə münbit şərait yaradan digər cəhət isə ABŞ-da yaşayan Azərbaycandan olan yəhudi icmasıdır. Amerika və yəhudi həyatına fəal şəkildə cəlb olunaraq onlar şübhəsiz ki, Azərbaycan haqqında məlumatlandırmağa səy göstərəcəklər, bununla da qarşılıqlı anlaşma və dostluq köpüsü yaradaracaqlar. Azərbaycanın ABŞ-da yaşayan digər vətəndaşlarına gəldikdə isə, onların fəaliyyəti və təşkilati strukturları barədə az şey bilirəm.
- Uzun əsrlərdən bəri davam edən yəhudi və müsəlmanların Azərbaycanda birgə yaşayışı İsrail və Azərbaycan arasında dostluq münasibətlərinin əsasını qoyub. Sözügedən model yaxın gələcəkdə Yaxın Şərqdə geniş mədəniyyətlərarası və dinlərarası dialoqun başlanğıcı ola bilərmi?
- Dünya dinlərarası birgə yaşam və qarşılıqlı hörmət uğurlu modelləri barədə bilməlidir. Müxtəlif məzhəblər və etnik qruplar arasında harmoniyaya nail olmaqda uğur qazanan ölkələr öz təcrübələrini digərləri ilə bölüşməlidirlər. İnanıram ki, gələcəkdə bu, Yaxın Şərq və yaxud da istənilən digər region üçün çox mühüm olacaq.
Hətta miqrasiyanın əsas faktor olduğu sürətlə qloballaşan dünyamızda əvvəllər homogen olan getdikcə daha çox sayda ölkələr çoxluq və azlıq arasında münasibət problemi ilə mübarizə aparırlar. Bura, əlbəttə ki, müsəlman icmalarının artımı müşahidə olunan Avropa ölkələri də daxildir.
- Son illər ərzində Türkiyə-İsrail münasibətlərində müəyyən soyuqluq müşahidə edirik. Fikrinizcə, bu vəziyyət Türkiyə-Azərbaycan-İsrail regional strateji alyansında necə əks olunur?
- Münasibətlərin ugurla inkişaf etməsi üçün onlar bütün tərəflərin məqsədlərinə xidmət etməlidirlər. Azərbaycan və İsrail arasında davamlı əlaqələr belədir. Türkiyə və İsrail arasında münasibətlər də hər iki tərəf üçün olduqca əlverişlidir.
Ankara-Bakı-Qüds formatında daha çətin münasibətlər regional inkişaf və təhlükəsizlik daxil olmaqla tərəflərin şəxsi və ümumi məqsədlərinə çatması üçün zəruri potensiala malikdir. Bəli, yaxınlarda İsrail-Türkiyə münasibətləri mürəkkəbləşmişdi, lakin ümid edirəm ki, iki ölkənin kəsişən və üst-üstə düşən maraqları sübut edir ki, bunlar keçici xarakter daşıyır. Yeri gəlmişkən, mən həm də bilirəm ki, bir sıra problemlərə Türkiyə və Azərbaycanın baxışları heç də həmişə tamanilə üst-üstə düşmür. Lakin bununla belə, dostluğun əsası möhkəm qalır.
- Azərbaycan Ermənistanla uzun sürən münaqişədədir. İsraillilər fələstinlilərlə uzunmüddətli münaqişədədirlər. Bu münaqişələrin detallarında heç bir paralel aparmadan, fikrinizcə, sülhə nail olmaq üçün bir-birimizə hansı şəkildə kömək edə bilərik?
- Tarixi bildiyimə əsasən və Yaxın Şərq və ya Qafqazda sülh yaradıcılığına aid dörd mülahizə irəli sürürəm. Birincisi, münaqişənin sülh yolu ilə həlli siyasi liderlərdən vəziyyəti qeyri-standard görmə qabiliyyəti və cəsarət tələb edir. İkincisi, bu proses həm də böyük səbr, inad və mətinlik tələb edir, uzun sürən münaqişələr bir anda həll edilmir. Üçüncüsü, nəticədə tərəflərin ikisi də qazanmalıdır. Və dördüncüsü, əsil sülh yalnız imzalanmış müqavilələrə deyil, sülhün yaradılması üzrə vətəndaşların və institutların əsaslı birgə işinə də əsaslanmalıdır.