Azərbaycan, Bakı, 30 sentyabr / Trend , müxbir E.Hüseynli/
Azərbaycan iqtidarı hesab edir ki, müxalifətin hər seçkiöncəsi boykot çağırışları və Seçki Məcəlləsinə dəyişikliklərin edilməsi zəruriliyini ortaya qoyması uğursuz ənənəyə çevrilib.
"Müxalifətin hər seçkiöncəsi boykot çağırışları və Seçki Məcəlləsinə dəyişikliklərin edilməsi zəruriliyini ortaya qoyması uğursuz ənənəyə çevrilib. Hər seçkiöncəsi bilə-bilə ki, Seçki Məcəlləsinə əlavə və dəyişikliklərin gündəmə gətirilməsi real deyil, yenə də bu cür çıxışlar edirlər", - çərşənbə günü Trend -a Azərbaycanın Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib.
Trend -un arayışı: Bir neçə müxalifət partiyasını özündə birləşdirən "Qarabağ və Respublika Uğrunda Hərəkat"da təmsil olunan partiyalar bələdiyyə seçkiləri ərəfəsində Seçki Məcəlləsinə 200-ə qədər əlavə və dəyişiklik edilməsi ilə bağlı təkliflərini Milli Məclis Aparatına təqdim ediblər. Müxalifət əsasən seçki komissiyalarının paritet əsasda formalaşdırılmasını istəyir.
Azərbaycanda bu il dekabrın birinci ongünlüyündə bələdiyyə seçkilərinin keçirilməsi nəzərdə tutulur. Azərbaycanda bələdiyyələrin birləşdirilməsi prosesi nəticəsində onların sayı 2760-dan 1720-ə qədər enib.
Həsənov hesab edir ki, Seçki Məcəlləsi artıq formalaşdırılmış qanuna çevirilib və bunun əsasında bir neçə seçki keçirilib.
"Azərbaycanda seçki institutları getdikcə peşəkarlaşır və onların fəaliyyəti daha çox etimad doğurur. Təəssüflər olsun ki, Seçki Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi müxalifətin özünü ifadə formasına çevrilib. Ancaq düşünmürəm ki, bu, yaxşı ifadə formasıdır. Bundan yaxşı metodlar tapıb, gündəmə gəlmək olar", - Həsənov əlavə edib.
Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdirinin fikrincə, seçki prosesinə hazırlıq normal səviyyədə gedir. Seçki institutları da buna ciddi hazırlaşır.
"Hesab edirəm ki, bələdiyyə seçkiləri əvvəkindən daha yüksək səviyyədə keçiriləcək. Builki bələdiyyə seçkisinə də maraq yüksək olacaq", - Həsənov vurğulayıb.
"Müxalifətin zəifliyi rəqabətliliyə mənfi təsir göstərməz ki" sualına Həsənov "cəmiyyətə bundan heç bir problem gözlənilmir" cavabını verib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]