...

Azərbaycan və Koreya arasında siyasi məsləhətləşmələr üzrə ikinci iclas keçirilib

Siyasət Materials 10 Oktyabr 2009 14:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 oktyabr / Trend , müxbir M.Əliyev/ Koreya Respublikasının paytaxtı Seul şəhərində Azərbaycan Xarici İşlər Nazirliyi və Koreya Respublikası Xarici İşlər və Ticarət Nazirliyi arasında siyasi məsləhətləşmələr üzrə ikinci iclas keçirilib.

XİN-in mətbuat xidmətindən şənbə günü bildiriblər ki, Azərbaycan nümayəndə heyətinin rəhbəri, xarici işlər nazirinin müavini Xələf Xələfov siyasi məsləhətləşmələr çərçivəsində Koreya Respublikasının xarici işlər və ticarət nazirinin birinci müavini Kvon Conq-rak və xarici işlər və ticarət nazirinin müavini Li Yonq Jun ilə görüşüb.

Siyasi məsləhətləşmələrdə siyasi məsələlər üzrə iki ölkə arasında əməkdaşlıq müzakirə olunaraq, yüksək səviyyəli rəsmi səfərlər mübadiləsi və ikitərəfli, həmçinin, beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlığa dair fikir mübadiləsi həyata keçirilib.

Eyni zamanda, məsləhətləşmələrdə iqtisadi məsələlər üzrə ikitərəfli əməkdaşlığa toxunularaq, hazırkı münasibətlərin səviyyəsi qiymətləndirilib, iki ölkə arasında enerji, təbii ehtiyatlar, informasiya texnologiyaları, tikinti, nəqliyyat, turizm və kənd təsərrüfatı sahələrində əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb.

Elm, təhsil və mədəniyyət məsələləri üzrə iki ölkə arasında əməkdaşlıq perspektivlərinin də müzakirə olunduğu məsləhətləşmələrdə bu istiqamətdə lazımı addımların atılmasının zəruriliyi vurğulanıb.

Həmçinin, hər iki ölkənin yerləşdiyi regionlar üzrə müzakirələr aparılaraq, regional və qlobal təhlükəsizliyin təmin edilməsində beynəlxalq ictimaiyyətin ədalətli mövqe nümayiş etdirməkdə qətiyyətli olmasının zəruriliyi vurğulanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti