Azərbaycan, Bakı, 20 noyabr / Trend , müxbir A.Hüseynbala/
Azərbaycan Parlamenti son dövrlər uşaq hüquqlarının qorunması ilə bağlı 10 qanun qəbul edib, 72 qanuna və məcəlləyə əlavə və dəyişikliklər edib, Trend -un məlumatına görə, bunu Milli Məclisin sədri Oqtay Əsədov bu gün keçirilən iclasda bildirib.
Bu gün Azərbaycan Milli Məclisinin xüsusi sessiyasında BMT-nin Uşaq Fondu Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən Uşaq Hüquqları Konvensiyasının (UHK) qəbul edilməsinin 20-ci il dönümünə həsr edilmiş xüsusi iclas keçirilir.
Bu Konvensiya uşaqların insan hüquqlarını təsdiq edən ilk icbari hüquqa malik beynəlxalq konvensiyadır. 1989-cu ildən bu günədək BMT-yə və ya Cenevrə Konvensiyasına üzv olan ölkələrin sayını üstələyən 193 ölkə tərəfindən ratifikasiya edilmiş UHK demək olar ki, bütün dünyada qəbul edilib.
Spiker deyib ki, Parlamentdə xüsusi iclasın keçirilməsi uşaq hüquqlarının müdafiəsinə töhfəsini verəcək.
"Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2009-cu il uşaq ili elan edilib. Uşaqların müdafiəsi dövlətin və cəmiyyətin diqqət mərkəzindədir. Azərbaycan uşaq hüquqlarının qorunması ilə bağlı 30-dan çox konvensiyaya qoşulub", - Əsədov əlavə edib.
Uşaqların hüquqlarının qorunmasında Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd edən spiker bildirib ki, ölkədə Fondun hesabına yüzlərlə məktəb tikilib, onlarla məktəb isə təmir edilib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]