Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva çərşənbə axşamı Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün inşa edilən yeni binada tikinti işlərinin gedişi ilə tanış olub. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Dənizkənarı Milli Parkın ərazisində inşa edilən yeni binanın təməli ötən ilin mayında qoyulub. Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və YUNESKO-nun birgə layihəsi əsasında inşa olunan muzey binası ilk növbədə milli memarlıq ənənələrinə görə fərqlənəcək.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, çox qeyri-adi bir forma - "bükülmüş xalça" muzeyin memarlıq quruluşunun əsasında dayanmaqla binanın orijinallığını təşkil edəcək. Muzey inşa edilərkən məhz bu tikili üçün hazırlanan xüsusi avadanlıqdan istifadə olunur. Binanın ətrafında yaşıllaşdırma işləri aparılacaq, muzey kompleksi yaradılacaq. Prezident İlham Əliyev burada "Venesiya şəhərciyi" adlanan ərazinin abadlaşdırılmasının vacibliyini bildirib.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva muzeyin maketi ilə tanış olub, binanın layihəsinə baxıblar.