ABŞ, Vaşinqton, 08 dekabr/ Trend , müxbir N.Boqdanova/
Qəbələ RLS ABŞ-ın hazırki müdafiə planında vacib rol oynamır, lakin bu mövzu gündəlikdən götürülməyib, stansiya gələcəkdə istifadə edilə bilər, Vaşinqtonda Avropa Siyasəti Mərkəzinin analitiki Piter Doran Trend -a deyib.
"Qəbələ RLS mövzusu Buş administrasiyası zamanı tez-tez gündəlikdə səsləndirilib. Bu, o zaman Buşun antiraket planının Moskvaya qarşı yönəlmədiyini Rusiyaya göstərmək üçün ilk cəhd idi", - Doran deyib.
Moskva "böyük səkkizliy"in 2007-ci ilin yayında keçirilən sammitində ABŞ-a Azərbaycanda yerləşən Qəbələ RLS-dən, həmçinin Rusiyanın cənubundakı Armavirdə inşa edilən raket zərbələrindən xəbərdarlıq üzrə stansiyadan birgə istifadə etməyi təklif edib.
Azərbaycanın şimal-qərbində yerləşən Qəbələ RLS sovet dövründə SSRİ-nin raket əleyhinə sisteminin ən vacib elementi kimi tikilib. Azərbaycan müstəqillik əldə etdikdən və RLS onun mülkiyyətinə keçdikdən sonra Rusiya, Azərbaycanın daxili siyasi vəziyyətinə baxmayaraq, stansiyadan istifadəni davam etdirib.
Ekspertin sözlərinə görə, indiki administrasiya Avropada təhlükəsizlik sisteminin qurulmasından imtina etməyib, sadəcə, öz strategiyasını dəyişib.
Doran hesab edir ki, Obama administrasiyası texnologiyanın yeni növünə, öz radarı olan sistem növünə daha çox diqqət cəmləyib. Bu halda Qəbələ RLS əlavə kimi istifadə edilə bilər. "ABŞ və Rusiya arasında bu sahədə əməkdaşlığı yaxşılaşdırmaq üçün xeyli imkanlar var", - o deyib.
Analitikin sözlərinə görə, Pentaqonun əvvəlki planı uzaq məsafəli, yeni sistem isə orta və yaxın məsafəli silahlara yönəlib.