...

Azərbaycan Ombudsmanı bələdiyyə seçkilərini müşahidəçi qismində izləyəcək

Siyasət Materials 22 Dekabr 2009 16:23 (UTC +04:00)
Azərbaycan Ombudsmanı bələdiyyə seçkilərini müşahidəçi qismində izləyəcək
Azərbaycan Ombudsmanı bələdiyyə seçkilərini müşahidəçi qismində izləyəcək

Azərbaycan, Bakı, 21 dekabr / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycan Ombudsmanı bələdiyyə seçkilərini müşahidəçi qismində izləyəcək.

Ombudsman Aparatının mətbuat xidmətindən çərşənbə axşamı Trend -a verilən məlumata görə, Elmira Süleymanova, Ombudsman təsisatının mərkəzi və regional ofislərinin 38 əməkdaşı 23 dekabrda keçiriləcək seçki prosesini Bakıda və ölkənin müxtəlif regionlarındakı seçki məntəqələrində, o cümlədən hərbi hissələrdə, istintaq təcridxanalarında, cəzaçəkmə müəssisələrində müstəqil müşahidəçilər qismində izləyəcək.

Nəticələr barədə MSK-nın "qaynar xətti" vasitəsilə bu quruma operativ məlumat veriləcək. Onlar rəsmi qeydiyyatdan keçib, lazımi təlimat alıb və Mərkəzi Seçki Komissiyasının nəşr etdiyi "Müşahidəçilər üçün Yaddaş" kitabçası, habelə vəsiqə ilə təmin olunublar.

Müvəkkil səsvermə günü MSK-nın Seçkilər İnformasiya Mərkəzində olacaq və bu müşahidələrin nəticələrini ümumiləşdirərək kütləvi informasiya vasitələrinə və ictimaiyyətə çatdıracaq.

Ombudsman Aparatının müşahidə aparacaq bir sıra əməkdaşı artıq rayonlara ezam edilib.

Azərbaycanda bələdiyyə seçkisi dekabrın 23-də keçiriləcək. Azərbaycanda 1718 bələdiyyəyə 15682 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulub.

Azərbaycanda bundan əvvəl iki dəfə - 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.

Azərbaycanda bələdiyyə üzvlüyünə 31 minə yaxın namizəd qeydə alınıb. Bu seçkilərdə həmçinin 18 siyasi partiyanın irəli sürdüyü namizədlər qeydə alınıblar. Ümumilikdə isə namizədlər partiya mənsubiyyətinə görə 30 siyasi partiyanı əhatə edirlər.

Mərkəzi Seçki Komissiyası (MSK) gün ərzində saat 10:00, 12:00, 15:00, 17:00 və 19:00-da səsvermənin gedişatı barədə məlumat yayacaq.

Xəbər lenti

Xəbər lenti