...

Azərbaycan QHT-si bələdiyyə seçkilərinin səsvermə gününün monitorinqi ilə bağlı ilkin rəyini açıqlayıb

Siyasət Materials 25 Dekabr 2009 16:31 (UTC +04:00)
"Vətəndaş Cəmiyyəti Uğrunda" Müstəqil Məsləhət və Yardım Mərkəzi bələdiyyə seçkilərinin səsvermə gününün monitorinqi ilə bağlı ilkin rəyini açıqlayıb.
Azərbaycan QHT-si bələdiyyə seçkilərinin səsvermə gününün monitorinqi ilə bağlı ilkin rəyini açıqlayıb

Azərbaycan, Bakı, 25 dekabr / Trend , müxbir K.Zərbalıyeva/

"Vətəndaş Cəmiyyəti Uğrunda" Müstəqil Məsləhət və Yardım Mərkəzi bələdiyyə seçkilərinin səsvermə gününün monitorinqi ilə bağlı ilkin rəyini açıqlayıb.

Mərkəzin sədri Eldar İsmayılov bildirib ki, müşahidə Bakının 8, Gəncənin 4, Sumqayıtın 3, Naxçıvan MR-in 3, Mingəçevir, Yevlax, Bərdə, Göyçay, Xaçmaz, Quba, İsmayıllı, Ağdaş rayonlarındakı bir sıra seçki dairələrində keçirilib.

Rəydə bildirilir ki, seçki məntəqələrində veb-kameraların quraşdırılması qanunçuluğun və seçkilərin keçirilməsi qaydalarının təmin olunması sahəsində təşkilatçıların məsuliyyətlərinin, seçicilərin isə fəallığının artmasına təsir göstərib.

Daxil olan məlumatlar seçki məntəqələrinin mütləq əksəriyyətinin səsvermə qaydalarına hazır olduğunu göstərib.

Rəydə göstərilir ki, səsvermə zamanı bələdiyyə seçkiləri üçün tipik olan pozuntu halları xeyli azalıb.

Dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçirilib.

"Bələdiyyə seçkilərini baş tutmuş hesab etmək olar", - cümə axşamı mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

Onun sözlərinə əsasən, səsvermənin ilkin nəticəsinə görə, Azərbaycanda bələdiyyə seçkisində seçicilərin 31,86 faizi iştirak edib.

Respublika üzrə 4 588 728 seçici qeydə alınıb. Ölkənin 1718 bələdiyyəsinə 15 682 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur. Bundan əvvəl iki dəfə 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.

Azərbaycanda bələdiyyə üzvlüyünə 31 minə yaxın namizəd qeydə alınıb. Ümumilikdə isə namizədlər partiya mənsubiyyətinə görə 30 siyasi partiyanı əhatə edirlər.

Bu gün bütün məntəqələrdən ilkin nəticələr Mərkəzi Seçki Komissiyasına daxil olub.

Xəbər lenti

Xəbər lenti