Azərbaycanın paytaxtında son iki ay yarım ərzində itkin düşən uşaqlardan 41-i tapılıb - DİN

Siyasət Materials 14 Yanvar 2010 17:20 (UTC +04:00)
Azərbaycanın paytaxtında son iki ay yarım ərzində 47 uşaq itkin düşüb və onlardan 41 nəfəri tapılaraq ailələrinə təhvil verilib.
Azərbaycanın paytaxtında son iki ay yarım ərzində itkin düşən uşaqlardan 41-i tapılıb - DİN

Azərbaycan, Bakı, 14 yanvar / Trend -a müxbir K.Zərbalıyeva/

Azərbaycanın paytaxtında son iki ay yarım ərzində 47 uşaq itkin düşüb və onlardan 41 nəfəri tapılaraq ailələrinə təhvil verilib.

Daxili İşlər Nazirliyinin əməkdaşı Ehsan Zahidov cümə axşamı Trend -a bildirib ki, bəzi kütləvi informasiya vasitələrində ötən ilin son iki ayı və bu ilin 15 günü ərzində Bakıda 20 asyaşlı uşağın itkin düşməsi və həmin uşaqların tapılması istiqamətində polisin səhlənkarlıq göstərməsi barədə yalan məlumatlar yayılıb.

"Həmin məlumatlarda itkin düşmüş uşaqların insan orqanı alveri ilə məşğul olan cinayətkar qrupların, paytaxtdakı manyakların qurbanı olması versiyası irəli sürülür", - deyə DİN rəsmisi vurğulayıb.

Zahidov bildirib ki, yayılan məlumatlar araşdırılıb və məlum olub ki, qeyd olunan müddət ərzində valideynlər tərəfindən polis idarələrinə 47 uşağın itkin düşməsi barədə məlumat daxil olub.

Onlardan 34 nəfəri ötən ilin son iki ayının, 13 nəfəri isə yanvarın birinci yarısının payına düşür.

Zahidovun sözlərinə görə, polis əməkdaşlarının isti izlərlə həyata keçirdiyi əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində itkin düşənlərin böyük əksəriyyəti tapılıb.

"Tapılmayan 6 nəfərdən ikisi ötən ilin son iki ayında, 4-ü isə bu il ərzində itkin düşmüşlərdir", - deyə Zahidov bildirib.

O qeyd edib ki, bu il itkin düşmüş və tapılmayan 4 nəfərdən ikisi baci-qardaşdır və onlarla bağlı belə hal tez-tez təkrarlanır.

"Həmin uşaqlar şəhərin müxtəlif yerlərində maşın şüşəsi silmək və digər işlərlə məşğul olurlar", - DİN rəsmisi deyib.

Zahidov qeydə alınan itkindüşmə faktlarının heç birində cinayət tərkibinin olmadığını vurğulayıb və KİV-də yayılan yalan məlumatların ictimaiyyəti çaşdırmağa xidmət etdiyini deyib.

Xəbər lenti

Xəbər lenti