Azərbaycan, Bakı, 26 yanvar / Trend , müxbir K.Zərbalıyeva/
Bakı şəhər sakinləri Vadim Quliyev və Nikolay Limberq qabaqcadan əlbir olaraq Bakı şəhər sakini 25 yaşlı Timur Əliyevi girov götürüb, valideynlərinə qaytarılması müqabilində 1 milyon manat verilməsini tələb ediblər. Trend -un məlumatına görə, bu barədə çərşənbə axşamı Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Girovun atası Sərdar Əliyev cinayətkarlara 1 ədəd "Mitsubishi Pajero", 1 ədəd "VAZ-2107" markalı avtomaşınlarını, 33 min manat nağd pul və 4160 manat dəyərində qızıl-zinət əşyaları verdikdən sonra Timur azad edilib.
Hadisə barədə əməliyyat məlumatı əldə edən DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları "isti izlər"lə əməliyyat-axtarış tədbirlərinə başlayıblar. Nəticədə cinayətkarlar - Quliyev, Limberq və R.Hacıyev Nəsimi rayonu ərazisindəki "Nəsimi" bazarının yaxınlığında Əliyevdən əlavə olaraq 30.000 dollar alarkən əməliyyat qrupu tərəfindən yaxalanıblar.