İran Azərbaycana yanacaq mübadiləsini təklif edib

Siyasət Materials 22 Fevral 2010 17:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 fevral / Trend /

Azərbaycan Parlamentinin spikeri Oqtay Əsədov İranın Şərqi Azərbaycan əyalətinin ostandarı Əhməd Əlirza Beygi ilə görüşüb. Bu barədə Trend İran televiziyasının rəsmi xəbər saytı FARS-a istinadən məlumat yayıb.

Görüşdə Beygi İran və Azərbaycan arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirib və bu əlaqələrin daha da inkişaf etdirilməsini istəyib. "İki ölkə arasında münasibətlərin genişləndirilməsi üçün çoxlu potensial var və bu potensialların dəqiq və ciddi araşdırılması lazımdır, - Beygi deyib.

Beygi sənaye, yükdaşımaları, yol tikintisi və texnologiyalar sahəsində iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsinin hər iki ölkənin xeyrinə olduğunu deyib.

Beygi İran və Azərbaycan arasında yanacağın "svop" formasında mübadilə olunmasını təklif edib. "Azərbaycandan Naxçıvana yanacaq tranziti Culfa sərhədində tıxaclara səbəb olur. Bundan başqa, maliyyə və insanların təhlükəsizliyi baxımından təhlükəlidir. Əgər yanacaq Meşkinşəhər sərhədində İrana və Culfa sərhədində Naxçıvan tərəfinə təhvil verilərsə problemlər azalacaq", - Beygi deyib.

Beygi əlavə edib ki, əgər Azərbaycan Türkiyədən Naxçıvana 150 dollarlıq giriş xərcini ləğv edərsə, Türkiyədən İrana gəlmək istəyən avtomobillərin "Bazarqan" sərhədindəki tıxacları azalar və onlar Naxçıvan vasitəsilə İrana daxil ola bilərlər.

Əsədov öz növbəsində İran rəsmilərindən Naxçıvan Muxtar Respublikasını yanacaqla təmin etdiklərinə görə təşəkkürünü bildirərək deyib ki, İranın çətin günlərdə Naxçıvan MR-i yanacaq və enerji ilə təmin etməsi yaddaşlardan silinməyəcək.

Əsədov iki ölkə arasında əlaqələrin artacağına, yükdaşımaları və investisiya sahəsində mövcud problemlərin həll olunacağına ümidvar olduğunu bildirib.

Azərbaycan Parlamentinin spikeri Oqtay Əsədov İrana səfər çərçivəsində bu gün səhər Təbrizə gedib. Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti fevralın 20-dən 22-dək İran İslam Şurası Məclisi sədrinin dəvəti ilə bu ölkəyə rəsmi səfər edib. Səfər müddətində Oqtay Əsədov İran Prezidenti Mahmud Əhmədinejad, parlamentin spikeri Əli Laricani, xarici işlər naziri Mənuçöhr Müttəki və İranın Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Səid Cəlili ilə görüşüb.

Xəbər lenti

Xəbər lenti