...

Azərbaycan Prezidenti Qəbələdə məcburi köçkünlər üçün salınmış məhəllədə olub

Siyasət Materials 27 Fevral 2010 14:33 (UTC +04:00)
Fevralın 27-də Prezident İlham Əliyev Qəbələnin Zarağan kəndində məcburi köçkünlər üçün salınmış məhəllədə olub. Bu barədə AzərTAc dövlət agentliyi məlumat yayıb.
Azərbaycan Prezidenti Qəbələdə məcburi köçkünlər üçün salınmış məhəllədə olub

Fevralın 27-də Prezident İlham Əliyev Qəbələnin Zarağan kəndində məcburi köçkünlər üçün salınmış məhəllədə olub. Bu barədə AzərTAc dövlət agentliyi məlumat yayıb.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov məlumat verib ki, "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na prezident İlham Əliyevin 2007-ci il 31 oktyabr tarixli Sərəncamı ilə edilmiş Əlavələrə uyğun olaraq Qəbələ rayonunun Zarağan bələdiyyəsi ərazisində məcburi köçkün ailələri üçün məhəllə salınıb.

Məhəllənin tikintisinə 2008-ci ilin oktyabrında başlanıb və inşaat işləri cari ilin fevralında yekunlaşdırılıb. Rayondakı "Qafqaz" turizm bazası və "Lalə" sağlamlıq mərkəzində müvəqqəti məskunlaşan 155 məcburi köçkün ailəsi üçün nəzərdə tutulan və 4 hektar sahəni əhatə edən məhəllədə beşmərtəbəli 2 yaşayış binası və 188 şagird yeri olan məktəb binası tikilib. Beşmərtəbəli binalardan biri 80, digəri isə 75 mənzillidir. Ümumi sahəsi 10 min 946 kvadratmetr olan yaşayış binalarında 30 birotaqlı, 70 ikiotaqlı və 55 üçotaqlı mənzil vardır. Məhəllənin su, elektrik enerjisi və qaz təchizatı üçün müvafiq şəbəkələr yaradılıb. Buraya uzunluğu 2 kilometrdən çox olan qaz xətti çəkilib, həmçinin 4 artezian quyusu qazılıb, 1,4 kilometr uzunluğunda su xətti istifadəyə verilib. Məhəllədə kanalizasiya şəbəkəsi, istilik sistemi yaradılıb, əraziyə asfalt-beton örtük salınıb, abadlıq və yaşıllaşdırma işləri görülüb.

Prezident İlham Əliyev mənzillərdə yaradılmış şəraitlə tanış olub.

Sonra məcburi köçkünlər və Qəbələ rayon ictimaiyyətinin nümayəndələri ilə görüşən prezident İlham Əliyev yeni mənzil alanları təbrik etib, ölkəmizdə qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması istiqamətində görülmüş işlərdən danışıb.

Məcburi köçkünlər onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq ediblər.

Xəbər lenti

Xəbər lenti