...

Azərbaycan Prezidenti ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin qərarını qəti şəkildə pisləyib

Siyasət Materials 5 Mart 2010 20:24 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Türkiyə Prezidenti Abdullah Gülə telefonla zəng edib.
Azərbaycan Prezidenti ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin qərarını qəti şəkildə pisləyib

Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Türkiyə Prezidenti Abdullah Gülə telefonla zəng edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Telefon söhbəti zamanı Azərbaycanın dövlət başçısı ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsində qəbul edilmiş qərarla bağlı öz etirazını ifadə edərək, onu qəti şəkildə pisləyib.

Prezident İlham Əliyev bunu ədalətsiz, tarixi həqiqətləri kobudcasına təhrif edən, bölgədə gərginliyin artmasına xidmət edə biləcək bir qərar kimi xarakterizə edib. O vurğulayıb ki, Azərbaycan həmişə olduğu kimi Türkiyənin yanındadır və Türkiyəyə tam dəstək verməkdə davam edəcək.

"Tarixin müxtəlif dövrlərində Türkiyə və Azərbaycan xalqına qarşı soyqırımı törətmiş ermənilərin tarixi saxtalaşdırmaq cəhdləri dünya ictimaiyyəti tərəfindən qəbul edilməyəcək və uğursuzluğa düçar olacaq", - Azərbaycan Prezidenti əminliyini bildirib.

Türkiyə Prezidenti öz növbəsində Azərbaycan Prezidentinin bu mövqeyini yüksək qiymətləndirərək minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı ikitərəfli münasibətlər və bölgədəki vəziyyətlə bağlı fikir mübadiləsi də aparılıb.

Xəbər lenti

Xəbər lenti