Azərbaycan, Bakı, 11 mart / Trend , müxbir K.Zərbalıyeva/
Azərbaycan milli təhlükəsizlik orqanlarının yaranmasının 91-ci ildönümü ərəfəsində Milli Qəhrəman Paşa Nəzərovun adını daşıyan Yasamal rayonundakı 60 nömrəli orta məktəbin kollektivi ilə tədbir keçirilib. Bu barədə Trend -a Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İctimaiyyətlə Əlaqələr Mərkəzindən məlumat verilib. Tədbirdə MTN-in Yasamal rayon idarəsinin əməkdaşları, məktəbin pedaqoji kollektivi, şagirdlər və qonaqlar iştirak edib.
Yığıncada çıxış edən məktəbin direktor müavini Qorxmaz Şükürov kollektiv adından MTN-in şəxsi heyətini qarşıdan gələn peşə bayramı münasibətilə təbrik edib, onlara işlərində uğurlar arzulayıb. O, belə bir görüşün Azərbaycanın Milli Qəhrəmanı Paşa Nəzərovun adını daşıdığı məktəbdə keçirildiyi üçün milli təhlükəsizlik naziri Eldar Mahmudova minnətdarlığını bildirib.
Təhlükəsizlik orqanlarının veteranları Musa Orucov, Hüseyn İsgəndərov, Arif Zeynalov və Vaqif Ağayev də çıxışlarında milli təhlükəsizlik orqanlarının yarandığı gündən indiyədək keçdiyi tarixi yol barədə söz açıb, Heydər Əliyevin bu qurumda apardığı azərbaycanlılaşdırma, çətinliklər bahasına həyata keçirdiyi milliləşdirmə prosesindən bəhs edib.
MTN-in Yasamal rayon idarəsinin rəis müavini Murad Muradov tədbirin keçirilməsi üçün yaradılan şəraitə görə məktəbin kollektivinə təşəkkür edib. O deyib ki, hazırda ölkə Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində milli təhlükəsizlik orqanlarının fəaliyyətinin beynəlxalq standartlara uyğun qurulması istiqamətində mühüm işlər görülür.
Tədbirin sonunda Azərbaycan Milli Qəhrəmanlarının döyüş yolunu əks etdirən sənədli film nümayiş olunub.