...

Madrid prinsiplərinin elementləri olduğu kimi qalmalıdır - Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri

Siyasət Materials 15 Mart 2010 15:17 (UTC +04:00)
Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri hesab edir ki, Madrid prinsiplərinin elementləri olduğu kimi qalmalıdır.
Madrid prinsiplərinin elementləri olduğu kimi qalmalıdır - Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri

Azərbaycan, Bakı, 16 mart / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri hesab edir ki, Madrid prinsiplərinin elementləri olduğu kimi qalmalıdır.

"Madrid prinsiplərində təkliflər eynidir. Amma "yeniləşmiş" deyəndə bir az fərqli görünür. Qeyd etmək istəyirəm ki, Madrid prinsiplərinin elementləri olduğu kimi qalmalıdır. Burada ətrafında müzakirə apardığımız prinsiplərin cüzi elementlərinin dəyişməsindən söhbət gedir. Ermənistan tərəfinin mövqeyi bəlli olduqdan sonra bu məsələdə yeni fikir söyləmək mümkündür. Ona görə də bir az gözləmək lazımdır", - Trend -un məlumatına görə, bunu hakim Yeni Azərbaycan Partiyasının rəsmi internet saytına müsahibəsində Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib.

ATƏT-in Afinada keçirilən sammitində tərəflərə yenilənmiş Madrid prinsipləri təqdim edilib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi 4 qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Məmmədov deyib ki, Madrid prinsiplərini Azərbaycan təklif etməyib.

"Bu prinsiplər Azərbaycanın formalaşdırdığı, təklif etdiyi mövqe deyil. Bu təklifləri Qərb formalaşdırıb, yəni həmsədrlər tərəfindən hazırlanıb. İlk vaxtlarda Madrid prinsipləri Azərbaycanı qane etmirdi. Ona görə də müəyyən təkliflərimizlə prinsiplərə əlavələr etdik. İlyarım müzakirələr aparıldıqdan sonra prinsip etibarilə Madrid prinsiplərini qəbul etdik. Əgər bir neçə il əvvəlki vəziyyəti xatırlasanız, görərsiniz ki, Ermənistan tərəfi Madrid prinsiplərini bəyənmişdi. Amma çox qəribə situasiya formalaşıb. Azərbaycan uzun müddət müzakirələr nəticəsində Madrid prinsiplərini qəbul edəndən sonra, Ermənistan mövqeyini dəyişdirdi", - Məmmədov əlavə edib.

Məmmədov bildirib ki, həmsədrlər proseslə əlaqədar səylər göstərirlər, danışıqlar aparırlar.

"Onlar Ermənistanın xarici işlər naziri ilə görüşməlidirlər. Bu görüşdən sonra ola bilsin, bölgəyə səfər etsinlər. Həmsədrlər prezidentlərin Soçi görüşündən keçən müddət ərzində hansı irəliləyişin olması, vəziyyətin nədən ibarət olması haqqında vəziyyəti prezidentlərə məruzə etmək üçün regiona səfər edə bilərlər", - o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti