...

Azərbaycan MTN-in əməkdaşları 204 saylı orta məktəbdə görüş keçirib

Siyasət Materials 15 Mart 2010 17:06 (UTC +04:00)
MTN-in ictimaiyyətlə əlaqələr mərkəzindən Trend News-a verilən məlumata görə, tədbirdə milli qəhrəmanın ailə üzvləri və digər qonaqlar iştirak ediblər.
Azərbaycan MTN-in əməkdaşları 204 saylı orta məktəbdə görüş keçirib

Azərbaycan, Bakı, 15 mart / Trend /

Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları və veteranları Azərbaycanın xüsusi xidmət orqanlarının yaranmasının 91-ci ildönümü ərəfəsində Azərbaycanın Milli Qəhrəmanı Ələkbər Əliyevin adını daşıyan Xətai rayonundakı 204 saylı orta məktəbin müəllim və şagirdləri ilə görüşüb.

MTN-in ictimaiyyətlə əlaqələr mərkəzindən Trend -a verilən məlumata görə, tədbirdə milli qəhrəmanın ailə üzvləri və digər qonaqlar iştirak ediblər.

Mərasimi giriş sözü ilə açan məktəbin direktoru Ziba Rzayeva Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyətini peşə bayramları münasibətilə təbrik edərək, onlara dövlətçiliyin, xalqın təhlükəsizliyinin qorunması işində uğurlar arzulayıb.

Direktor Milli Qəhrəman Ələkbər Əliyevin adını daşıyan məktəbdə bu bayram ərəfəsində tədbir keçirdikləri üçün milli təhlükəsizlik naziri Eldar Mahmudova minnətdarlığını bildirib.

Rzayeva məktəb kolektivinin Azərbaycan torpaqlarının işğaldan azad olunması naminə qəhrəmanlıq salnaməsi yaratmış Ələkbər Əliyevin adını həmişə uca tutduğunu, təhsildə və tədrisdə əldə etdikləri uğurlarla bu igid azərbaycanlının şücaətinə layiq olmağa çalışdıqlarını deyib. Bu cür tədbirlərin keçirilməsinin gənclərimizin tərbiyəsində, onların vətənpərvərlik ruhunda yetişməsində önəmli rol oynadığını qeyd edən direktor, Ələkbər Əliyevin şərəfli həyatının gələcək nəsillərə örnək olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən MTN Xətai rayon idarəsinin rəisi Mais Həsənov çalışdığı qurumun yarandığı gündən müasir dövrümüzə qədər keçdiyi çətin və şərəfli tarixə nəzər salıb.

Təhlükəsizlik orqanlarının veteranları - Bəxtiyar Süleymanlı, Zülfüqar Tağıyev, Hamlet İsmayılov və Şirin Hacıkərimov xüsusi xidmət orqanlarının formalaşmasında ümummilli lider Heydər Əliyevin Vətənini canından artıq necə sevməsi, hələ təhlükəsizlik orqanlarında işləyərkən gələcək müstəqil Azərbaycan üçün göstərdiyi misilsiz xidmətlər barədə məktəblilərə maraqlı məlumatlar veriblər. Çıxış edənlər şagirdlərin gələcək həyatlarında qarşılarına qoyduqları məqsədə çatmaları üçün milli qəhrəmanlarımızın göstərdikləri hünər və şücaət nümunələrindən bəhrələnmələrinin zəruriliyini vurğulayıblar.

Onların Vətənin müstəqilliyi və qüdrətlənməsi naminə bu gün şagird olaraq üzərilərinə düşən vəzifələrə məsuliyyətlə yanaşmalarının vacibliyi də qeyd olunub.

Sonra məktəblilərin ifasında Vətəni, dövləti, müstəqilliyimizi tərənnüm edən şeirlər səslənib, oxunan mahnılar, ifda edilən rəqslər tədbir iştirakçılarında xoş ovqat yaradıb.

Tədbirin sonunda Azərbaycanın Milli Qəhrəmanının şərəfli döyüş yolunu əks etdirən sənədli film nümayiş olunub.

Xəbər lenti

Xəbər lenti