...

MTN əməkdaşları Bakı Slavyan Universitetinin müəllim və tələbələri ilə görüşüb (FOTO)

Siyasət Materials 17 Mart 2010 16:15 (UTC +04:00)
Tədbiri giriş sözü ilə açan universitet rektoru, AMEA-nın müxbir üzvü, professor Kamal Abdulla MTN-in keçdiyi şərəfli inkişaf yolundan, xalqımızın ümummilli lideri, müstəqil dövlətimizin banisi və qurucusu Heydər Əliyevin bu quruma göstərdiyi diqqət və qayğıdan danışıb, ulu öndərimizin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
MTN əməkdaşları Bakı Slavyan Universitetinin müəllim və tələbələri ilə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 17 mart / Trend , müxbir K.Zərbalıyeva/

Bakı Slavyan Universitetində "Milli təhlukəsizliyin təminatında gənclərin rolu" mövzusunda konfrans kecirilib.

Millli Təhlükəsizlik Nazirliyinin ictimaiyyətlə əlaqələr mərkəzindən Trend -a verilən məlumata görə, milli təhlükəsizlik orqanlarının yaranmasının 91-ci ildönümü ərəfəsində keçirilən tədbirdə nazirlik əməkdaşları, Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyi, millət vəkilləri, alim, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan universitet rektoru, AMEA-nın müxbir üzvü, professor Kamal Abdulla MTN-in keçdiyi şərəfli inkişaf yolundan, xalqımızın ümummilli lideri, müstəqil dövlətimizin banisi və qurucusu Heydər Əliyevin bu quruma göstərdiyi diqqət və qayğıdan danışıb, ulu öndərimizin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Dövlətçiliyimizin, milli maraqlarımızın etibarlı şəkildə qorunmasında MTN-in mühüm rolunu qeyd edən rektor, qarşıdan gələn peşə bayramı münasibətilə qurumun rəhbərliyini və əməkdaşlarını təbrik edib, onlara uğurlar arzulayıb.

Milli təhlükəsizlik nazirinin müavini, general-mayor Əli Şəfiyev Azərbaycanın təhlükəsizlik orqanlarının yaranma tarixi, inkişaf mərhələləri, dövlətçiliyimizin qorunmasındakı xidmətlərindən danışıb. Bildirib ki, yaradılmasını 1919-cu il martın 28-də Azərbaycan Xalq Cümhuriyyəti dövründən götürən təhlükəsizlik orqanları çətin, keşməkeşli, eyni zamanda, şərəfli tarixi yol keçib.

Ümummilli lider Heydər Əliyevin 25 ildən artıq Azərbaycan təhlükəsizlik orqanlarında çalışdığını və bu quruma rəhbərlik etdiyini xüsusi vurğulayan nazir müavini, ulu öndərin xüsusi xidmət orqanlarının formalaşmasında və inkişafındakı rolu barədə danışıb. 1993-cü ildə xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ulu öndərin diqqət və qayğısı sayəsində Milli Təhlükəsizlik Nazirliyində işin yenidən qurulduğunu, qurumun fəaliyyətinin təkmilləşdiyini qeyd edən Şəfiyev deyib ki, ölkənin müstəqilliyi əleyhinə yönəlmiş qəsdlərin qarşısının alınmasında, milli maraqların qorunmasında qeyd edilən dövrdən başlayaraq təhlükəsizlik orqanları daim yüksək sayıqlıq və peşəkarlıq göstərir.

Nazir müavini milli maraqların, dövlətçiliyin daha da etibarlı qorunması istiqamətində MTN-in son illərdə həyata keçirdiyi uğurlu əməliyyatlar barədə ətraflı məlumat verib.

Milli maraqların və mənafelərin qorunması naminə qazanılan nailiyyətlərdən bəhs edən nazir müavini, milli təhlükəsizlik orqanlarının hər bir əməkdaşının Vətənə, dövlətçiliyimizə ləyaqətlə xidmət edəcəyinə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanının hər bir əmrini dərhal yerinə yetirəcəklərinə əminliyini vurğulayıb.

Şəfiyev bu ali təhsil ocağında elmin dərinliklərini mənimsəyən tələbələrə daim xalqımızın mənfelərinin qorunması və dövlətimizin qüdrətlənməsi naminə əsl mütəxəssis kimi yetişmələri, onların Vətənə və cəmiyyətimizə layiqli vətəndaş kimi formalaşmaları üçün tədrisdə daha əzmli olmalarını arzulayıb.

Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev xüsusi xidmət orqanlarının Azərbaycanın milli maraqlarının qorunması istiqamətində şərəfli fəaliyyəti haqqında danışıb. Təhlükəsizlik orqanlarının inkişafında ümumilli lider Heydər Əliyevin xidmətlərini diqqətə çatdıran İcra Hakimiyyətinin başçısı vurğulayıb ki, məhz ulu öndər Heydər Əliyevin DTK-ya rəhbərliyi dövründə bu qurumda Vətənə, xalqına sadiq yeni, milli ruhlu nəsil yetişib. Təhlükəsizlik orqanlarının fəaliyyətini yüksək qiymətləndirən Məhəməliyev ölkə başçısının rəhbərliyi altında bu sahədə görülən işlərin nəticəsi kimi Azərbaycanın bu gün dünyada ən sabit ölkə olduğunu diqqətə çatdırıb.

Tədbirin sonunda MTN-in fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Xəbər lenti

Xəbər lenti